Xocalı soyqırımı qurbanları Tokatda yad edilib
Türkiyənin Tokat şəhərində Azərbaycan Strateji Araşdırmalar Dərnəyinin təşkilatçılığı ilə “Xocalı soyqırımı: Bir insanlıq cinayətinin anatomiyası” mövzusunda panel müzakirələri aparılıb.
Crossmedia.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərnəyin sədri Ümid Babaverdiyev Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə düzgün çatdırmağın və gənclərdə milli yaddaşı formalaşdırmağın əhəmiyyətini vurğulayıb.
Tokat Gaziosmanpaşa Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, prof. dr. Alpaslan Demir, dekan müavini, dos. dr. Hüseyin Baha Öztunç və universitetin müəllimi Mustafa Tanrıverdi Xocalı soyqırımını tarixi, hüquqi və insani aspektlərdən təhlil edib, elmi dəyərləndirmələr aparıblar.
Tədbirdə Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğu bir daha diqqətə çatdırılıb, bu cür faciələrin unudulmamasının və beynəlxalq səviyyədə tanıdılmasının vacibliyi qeyd olunub.
Panel iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
18:12 04.03.2026
Oxunuş sayı: 500