SOCAR beynəlxalq bazarda böyük oyunçuya çevrilir: Şəffaf idarəçilik, yüksək standartlar...
Azərbaycanın enerji sektorunda aparıcı rol oynayan SOCAR ölkənin iqtisadi inkişafında, beynəlxalq nüfuzunun yüksəlməsində və strateji layihələrin həyata keçirilməsində həlledici təsir göstərir. Şirkət yalnız Azərbaycanda deyil, həmçinin Türkiyə, Orta Asiya və bir sıra Avropa ölkələrində fəaliyyət göstərərək, ölkəmizin neft və qaz sahəsində regional lider statusunu möhkəmləndirir. SOCAR-ın transmilli fəaliyyəti onun yalnız enerji hasilatı ilə kifayətlənmədiyini, eyni zamanda beynəlxalq bazarlarda strateji iştirakçı olduğunu nümayiş etdirir.
Şirkət investisiya siyasətində həm daxili, həm də xarici bazarları prioritet hesab edir. Neft və qaz layihələrinə qoyulan investisiyalar, yeni texnologiyaların tətbiqi və nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi SOCAR-ın gücünü artırmaqla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyini təmin edir. Şirkətin təşəbbüsləri nəticəsində ölkəmiz qlobal enerji layihələrində etibarlı tərəfdaş kimi tanınır və dünya bazarlarında Azərbaycan neftinin mövqeyi möhkəmlənir.
SOCAR yalnız iqtisadi deyil, həm də sosial və ekoloji sahədə əhəmiyyətli töhfələr verir. Regionların inkişafına yönəlmiş layihələr, iş yerlərinin yaradılması, elmi və texnoloji tərəqqiyə dəstək, eləcə də ekoloji layihələr şirkətin fəaliyyətində prioritetlər sırasındadır. Bu yanaşma, SOCAR-ı yalnız enerji şirkəti kimi deyil, həm də strateji inkişaf agentliyi kimi tanıdır.
Gələcək perspektivlər baxımından SOCAR-ın rolu daha da genişlənəcək. Yeni investisiya layihələri, beynəlxalq əməkdaşlıqlar və strateji tərəfdaşlıqlar Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcək, enerji sektorunda dayanıqlı inkişafı təmin edəcək. Şirkət eyni zamanda şəffaf idarəçiliyi, yüksək beynəlxalq standartlara uyğun fəaliyyəti və strateji baxışı ilə Azərbaycanın qlobal nüfuzunu gücləndirən əsas dayaqlardan biri olaraq qalacaq.

Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "SOCAR barədə danışanda, onun fəaliyyəti və rolu ilə bağlı qeyd etmək istəyirəm ki, beynəlxalq iqtisadi arxitekturasında inkişaf etmiş və orta inkişaf mərhələsində olan ölkələrin hər birində ən azı bir neçə transmilli nəhəng şirkət mövcuddur. Bu şirkətlər bölgədə strateji nəzarət funksiyasını icra edir və 10 milyard dollardan yuxarı aktivlərə sahib olurlar. Təbii ki, Azərbaycanın da prioritet sahəsi olan neft və qaz sektorunda belə bir şirkət fəaliyyət göstərir. SOCAR artıq yalnız Azərbaycanda deyil, həmçinin Türkiyə, Orta Asiya və bir neçə Avropa ölkəsində müştərilərə xidmət göstərir, investisiyalar edir, nəqliyyat və logistika vasitələrinə sahibdir. Bu isə göstərir ki, əgər biz dünya iqtisadiyyatının inkişaf proseslərinə baxsaq, transmilli və güclü şirkətlərin olması labüddür. Onların gücü, şəffaf idarəçiliyi və beynəlxalq nüfuzu ölkəmizin iqtisadi inkişafına və beynəlxalq əlaqələrinə böyük töhfə verir. Mən ümid edirəm ki, SOCAR gələcəkdə də Azərbaycan iqtisadiyyatına və beynəlxalq iqtisadi əlaqələrə mühüm dəstək göstərməyə davam edəcək. SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri həqiqətən də diqqətəlayiqdir. Hər biri böyük obyektlərdir və xüsusi dizaynla, yüksək texnoloji tələblərə uyğun tikilmişdir. Onları Avropada və Amerikada gördüyümüz zapravkalarla müqayisə etdikdə, Ukraynadakı SOCAR məntəqələrinin səviyyəsi çox yüksəkdir. Bu məntəqələr yalnız yanacaq doldurma funksiyasını yerinə yetirmir; içərisində hər cür şərait təmin olunub. Market, rahatlıq zonası və xidmət sahələri ilə insanlar üçün hərtərəfli rahatlıq yaradılır. İnsanlar bu xidmət üçün Azərbaycan rəhbərliyinə minnətdardır və SOCAR-ın yüksək keyfiyyətli yanaşması nəyinki Ukraynada da hətta dünya ölkələrində də Azərbaycan markasının nüfuzunu artırır. Bu fəaliyyət, həm Azərbaycan xalqının, həm də beynəlxalq bazarda şirkətin uğurunu göstərən əhəmiyyətli bir nümunədir".

Məsələ ilə bağlı həmçinin iqtisadçı ekspert Eldəniz Əmirov da öz münasibətini bildirib: "Azərbaycan iqtisadiyyatında artıq otuz ilə yaxındır ki, aparıcı təsərrüfat subyekti kimi fəaliyyət göstərən qurumlardan biri SOCAR-dır. Ölkə iqtisadiyyatında onun rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın ixrac potensialının formalaşmasında, dövlətin valyuta ehtiyatlarının artırılmasında, iqtisadi aktivliyin dayanıqlı saxlanılmasında və ümumilikdə iqtisadi yüksəlişin təmin edilməsində SOCAR-ın müstəsna rolu vardır və bu rol bu gün də davam etməkdədir. Hazırda Azərbaycan üçüncü enerji strategiyası – alternativ və bərpa olunan enerji strategiyasının həyata keçirilməsi mərhələsinə qədəm qoymuşdur. Qarşıdakı dövrdə də məhz bu strategiyanın reallaşdırılmasında SOCAR-ın mühüm rolu gözlənilir. SOCAR-ın fəaliyyəti eyni zamanda Azərbaycanın xarici iqtisadi əlaqələrinin formalaşmasında da mühüm əhəmiyyətə malikdir. Belə ki, müxtəlif ölkələrin aparıcı şirkətləri ilə qurulan əməkdaşlıq münasibətlərinin böyük əksəriyyəti məhz SOCAR vasitəsilə formalaşmışdır. Bu əməkdaşlıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır, eyni zamanda qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir. Bunun əsas səbəbi isə ölkəyə sabit valyuta axınının təmin olunması və beynəlxalq əməkdaşlıq formatlarının digər iqtisadi sahələr üçün uğurlu nümunə kimi təqdim edilməsidir".
Elmir Heydərli
16:27 04.03.2026
Oxunuş sayı: 1024