Müsabiqə qalibi: "Yüksəliş özü bir məktəbdir" - MÜSAHİBƏ
Artıq bir neçə ildir həyata keçirilən “Yüksəliş” müsabiqəsi ölkədə böyük maraq doğuran və yaxından izlənən nüfuzlu bir layihəyə çevrilib. Proqramın əsas məqsədi istedadlı və perspektivli kadrları müəyyənləşdirərək onların bilik və bacarıqlarına uyğun olaraq daha yüksək vəzifələrə irəli çəkilməsini təmin etməkdir. Bu, dövlətin peşəkar və inkişaf yönümlü gənclərə verdiyi dəyərin real göstəricisidir. Müsabiqənin əvvəlki illər qaliblərinin bu gün müxtəlif sahələrdə yüksək məsuliyyətli vəzifələrdə çalışması “Yüksəliş”in praktiki nəticələrinin ən bariz sübutudur. Layihə yalnız idarəetmə sahəsinə yeni nəfəs gətirmir, eyni zamanda etibarlı və peşəkar kadr ehtiyatının formalaşmasına mühüm töhfə verir. Hər il onlarla bacarıqlı, motivasiyalı gəncin aşkara çıxması, onların inkişafına yeni fürsətlər açılması bu proqramın nə qədər strateji əhəmiyyət daşıdığını bir daha göstərir.
Bu dəfəki müsahibimiz IV “Yüksəliş”müsabiqəsinin qaliblərindən Toğrul Yaqubludur. Həmin müsahibəni təqdim edirik:
— “Yüksəliş” müsabiqəsində iştirak qərarınız hansı daxili motivasiyadan doğdu? Şəxsi inkişaf arzusu, rəqabət ruhu, yoxsa cəmiyyətə fayda vermək istəyi?
— Əsas motivasiyam cəmiyyətə və dövlətə faydalı olmaq arzusu idi. Bununla yanaşı, dövlət və idarəetmə üzrə təhsil aldığım üçün sahəni dəyişib dövlət sektorunda çalışmağı hədəfləyirdim. Bu məqsədlə bir neçə özəl şirkətdən gələn təklifləri də rədd etmişdim. Hətta bir hadisəni qeyd edim: bir neçə il əvvəl xarici bir ölkədə olmuşdum və o dövrdə orada iş tapa bilməmişdim. Lakin “Yüksəliş”dən sonra həmin ölkədən mənə çox yaxşı bir vəzifə təklifi gəldi. Buna baxmayaraq, ölkəmə qayıdıb Azərbaycana xidmət etməyi üstün tutdum. Dövlət mənə həm bakalavr, həm də magistr təhsilimi qazandırıb. Magistratura təhsilimi İngiltərədə dövlət hesabına oxumuşam. Doktorantura təhsilimi pandemiya səbəbindən tamamlaya bilməsəm də, Çin–Azərbaycan tədqiqat proqramında yer almışdım. “Yüksəliş” qaliblərə xüsusi diqqət və dəstək göstərən bir platformadır. Biz də bunun qarşılığında fayda verməyə çalışmalıyıq.
— Müsabiqənin hansı mərhələsi sizi özünüzü daha yaxından tanımağa imkan verdi?
— Bu müsabiqə boyunca cəmi 10 gün sərf olunur və bu, özünü taç dərk üçün uzun müddət deyil. Lakin final mərhələsində xüsusi bir məqam oldu. Komanda olaraq məğlub olmaq üzrə idik və oyunu tərk edə biləcəyimiz təklif edildi. Mənim zəif olduğum dizayn sahəsinə aid tapşırıq vardı. Çıxmaq istəyirdim. Amma özümü toparlayıb komandanı tərk etmədim, məsuliyyəti üzərimə götürdüm. Həmin an liderlik bacarığımı daha dərindən hiss etdim. Sonda qalib gəldik.
— “Yüksəliş” həm də öyrənmə mühitidir. Bu mühit sizə hansı yeni bacarıqları və düşüncə tərzini qazandırdı?
— Əgər hansısa mərhələdə uduzursunuzsa, deməli, nəyisə öyrənirsiniz. Lakin qalib olanda insan daha çox öz bacarıqlarının nəticəsini görür. “Yüksəliş”dən sonra bir il ərzində mentorlarla, ekspertlərlə çoxsaylı görüşlər olur, networking bacarıqları inkişaf edir. Özündən daha savadlı, fərqli düşünən gənclərlə ünsiyyətdə olmaq insana böyük dünyagörüşü verir. Bu inkişaf damla-damla, faiz-faiz gəlir. Bəzən həmin an hiss etmirsən, amma illər keçdikcə “Yüksəliş”in sənə verdiyi fərqi aydın görürsən. Bu, formal və qeyri-formal bir məktəb kimidir.
— Müsabiqə müddətində sizi ən çox təəccübləndirən məqam nə oldu?
— Üçüncü mərhələ – idarəetmə bacarıqları – mənim ən sevdiyim mərhələ idi. Sualları çox bəyəndim. Amma bir tərəfdən də təəssüfləndim ki, gənclərimiz idarəetmə, insan münasibətləri və emosional zəka ilə bağlı suallarda çətinlik çəkirlər. Bu sahədə daha çox inkişaf etməyə ehtiyac var. İdarəetmə yalnız intellektual deyil, həm də emosional zəka tələb edir. İnsanlarla empatiya qurmaq, işi düzgün bölüşdürmək, ədalətli qərar vermək, komanda idarə etmək – bunlar müasir menecmentin əsas tərəfləridir. Şükür ki, artıq layihə idarəçiliyi, sertifikatlar, təlimlər sahəsində maraq artır və inkişaf hiss olunur.
— Bu təcrübə liderliyə, komanda işinə və idarəetməyə baxışınızı necə dəyişdi?
— Güclü liderlə zəif lider arasındakı fərqləri daha yaxşı görməyə başladım. Artıq kimin nədə düzgün addım atdığını, kimin nədə səhv etdiyini daha aydın dərk edirəm. “Mən olsam necə edərdim?” sualını özümə tez-tez verirəm. Hər detalı analiz etmək vərdişi formalaşdı.
— Əgər “Yüksəliş” müsabiqəsinin konsepsiyasına bir yenilik əlavə etmək imkanınız olsaydı, bu nə olardı?
— Ölkədə kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş paralel bir müsabiqənin olmasını arzulardım. Belə ki, qaliblərə müəyyən məbləğ ayrılıb onların biznes ideyasını reallaşdırmağa dəstək göstərilə bilərdi – istər qida istehsalı, istər toxuculuq, istərsə də digər sahələr üzrə. Çünki ölkənin inkişafında biznesin rolu böyükdür. Dövlət idarəetmə sistemi əsasən xidmət və koordinasiya rolunu oynayır, real yük isə biznesin üzərindədir. Gənclərə bu sahədə də şərait və dəstək çox şey dəyişə bilər.
— Müsabiqədə iştirak etməyə tərəddüd edən gənclərə nə demək istərdiniz?
— Əgər istəyiniz varsa, tərəddüd etmək vaxt itkisidir. Sınamağa dəyər. Finala kimi gəlsəniz belə, cəmi 10 gün vaxt gedəcək. Amma buna hazırlıqlı gəlmək lazımdır. Burada yalnız bilik yox, diplomatiya, insan münasibəti, emosional zəka, özünü idarəetmə, komanda qurmaq bacarığı əsasdır. Çevik düşünmək vacibdir.
— “Yüksəliş” sizin üçün bir mərhələ oldu. Bəs növbəti yüksəlişiniz nədir?
— Növbəti yüksəliş dərhal gəlmir. “Yüksəliş” qalibləri onsuz da öz üzərində çalışan, motivasiyalı insanlardır və nəticə də bu zəhmətin məntiqi ardıcıllığıdır. Hər şeyin öz vaxtı var. Mən də son bir il yarımda keçdiyim inkişaf yoluna baxanda sevinirəm. Bu da özü bir yüksəlişdir.
Elmir Heydərli
12:08 27.11.2025
Oxunuş sayı: 3128