Azərbaycan və Çin ekspertləri innovasiya imkanlarını müzakirə edib
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası baş tutub.
Crossmedia.az xəbər verir ki, paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Elvin Hacıyev çıxış ediblər.
Çıxışı zamanı Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin yerli ekosistemin inkişafına verdiyi əhəmiyyətli töhfələri diqqət çəkib: “Mərkəz bir il ərzində mövcud olmasına baxmayaraq, innovasiya ekosistemini bir çətir altında birləşdirə bilib. Burada 200-dən çox proqram reallaşdırılıb. BTİ akselerasiya mərkəzi şəbəkəsinə qoşulmaqla bu fəaliyyətimizi daha da genişləndirəcək, regional və qlobal səviyyədə mövqeyimizi gücləndirəcəyik”.
O, həmçinin bildirib ki, Bakıdan əlavə innovasiya mərkəzləri ölkənin regionlarında da təsis edilib. Belə ki, ötən il “Sumgait Innovation Hub” və bu il Naxçıvan İnnovasiya Mərkəzinin əsası qoyulub. Mərkəzlərdə innovatorların fəaliyyəti üçün hər cür şərait yaradılıb, elmi və prototipləşdirmə laboratoriyaları istifadəyə verilib, aparıcı ekspertlərin mentorluğu ilə təlim və vörkşoplar keçirilib.
Çini təmsil edən ekspertlər öz ölkələrinin spesifik iqtisadi modeli ilə uyğunluq təşkil edən innovasiya ekosisteminin xüsusiyyətlərindən bəhs ediblər. BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq akselerasiya mərkəzlərinin “rəqəmsal uçurum”un azaldılmasında və inklüziv ekosistemin formalaşmasında oynadığı rolu vurğulayıb.
BTİ-nin Çindəki Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku Janq isə qeyd edib ki, təmsil etdiyi Mərkəz BRICS ölkələrində rəqəmsal transformasiya, innovasiya və sahibkarlıq təşəbbüslərinə fokuslanır. Çıxışı zamanı o bildirib ki, süni intellekt və robot texnologiyalarının sənaye və cəmiyyət üçün yaratdığı böyük imkanların fonunda uyğun kadr potensialı və maliyyələşmə kimi çağırışların da aktuallığı artmaqdadır.
11:04 26.11.2025
Oxunuş sayı: 851