Rusiya-Ukrayna müharibəsində son sözü Ankara deyəcək? - ŞƏRH
Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada cənubi koreyalı həmkarı Li Çje Menlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ankara Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün diplomatik səylərini bundan sonra da davam etdirəcək.
Onun sözlərinə görə, Türkiyənin tərəflər arasında diplomatik addımlar atılması ilə bağlı mövqeyi dəyişməyib:
"Bir həftə içərisində həm rusiyalı həmkarım Vladimir Putin, həm də ukraynalı həmkarım Volodimir Zelenski ilə danışdım".
Məlum olduğu kimi, Türkiyə müharibənin ilk vaxtlarından etibarən hər iki tərəflə müzakirə aparan nadir aktorlardandır. Ankara müharibənin bitməsi üçün səmimi səylər göstərir.
Müharibənin ilk aylarında tərəflər İstanbulda atəşkəsə çox yaxınlaşmışdılar. Amma bu, mümkün olmadı. Nəticədə həm Moskva, həm də Kiyev üçün daha kritik durum yarandı.
Türkiyənin proseslərdəki bundan sonrakı mümkün rolu barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Türkiyə bu prosesdə diplomatik və siyasi müstəvidə fəal iştirak edib:

“Hətta deyərdim ki, bütün müstəvilərdə aktiv rol oynayıb. Müharibənin ilkin dövrlərində Ukraynanın Bayraktar dronları Ukraynaya mühüm üstünlük qazandırdı. Bu barədə hətta ukrayna dilində mahnıda da ifadə edilmiş və sosial mediada geniş yayılmışdı. Müharibənin ilk mərhələsində İstanbulda aparılan danışıqlar zamanı, az qala, razılaşma əldə olunacaqdı, lakin buna Qərb ölkələri, xüsusilə Britaniya və ABŞ imkan vermədilər. İndi Fransa Prezidenti Emmanuel Makron çıxış edərək bildirib ki, atəşkəsdən sonra Kiyevin müəyyən hərbi qruplaşmaları üç ölkənin adı ilə birgə təlim keçəcəklər. Məlumatlarda Türkiyənin bundan sonrakı fəaliyyəti barədə Ərdoğanın da çıxış etdiyi qeyd olunur.
Məsələn, Türkiyə Qəzzada əsas iştirakçılardan biridir. Suriyada, Şərqi Avropada, Rusiya–Ukrayna cəbhəsində, eləcə də Türküstanda — yəni Mərkəzi Asiya regionunda Türkiyənin rolunun əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Bu, müsbət haldır. Türkiyənin zəif tərəfi iqtisadiyyatdır. Bu sahədə boşluqlar aradan qaldırılsa, yaxın illərdə ölkənin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi mümkündür.”
Fatimə Eynullazadə
10:00 26.11.2025
Oxunuş sayı: 1248