Emin Əmrullayev QS Avrasiya Forumunda çıxış edib
Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının Daşkənd şəhərində "Quacquarelli Symonds" (QS) qlobal reytinq agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya Forumunda çıxış edib.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, çıxış zamanı ölkəmizdə beynəlmiləlləşmə və elmi-tədqiqat imkanları barədə məlumat verilib, o cümlədən ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qeyd olunub.
Əlavə olaraq, forum çərçivəsində müvafiq sahə üzrə nazir və nazir müavinlərinin, o cümlədən qabaqcıl universitetlərin rəhbər heyətinin iştirakı ilə "dəyirmi masa" təşkil olunub.
"Dəyirmi masa" zamanı ali təhsil müəssisələrinin institusional fəaliyyət göstəriciləri, məşğulluq nəticələri, ali təhsildə dayanıqlılıq kimi mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edilib ki, forumda həmçinin Azərbaycanın bir neçə qabaqcıl ali təhsil müəssisəsi nümayəndə heyəti ilə təmsil olunur.
09:43 26.11.2025
Oxunuş sayı: 1053