Ukrayna kapitulyasiyaya sürüklənir: Zelenskinin razılaşmaqdan başqa çarəsi qalmayıb
Ukrayna müharibəsi elə bir mərhələyə çatıb ki, artıq qərarlar cəbhədə deyil, diplomatik masada verilir. Son günlər açıqlanan və ABŞ tərəfindən formalaşdırıldığı deyilən yeni sülh paketi Kiyevi çətin seçim qarşısında qoyub. Sənəddə yer alan bir sıra məhdudlaşdırıcı bəndlər Ukraynanın təhlükəsizlik strategiyasına, suverenlik məsələlərinə və gələcək siyasi kursuna ciddi təsir göstərə biləcək xarakter daşıyır.
Rusiya isə bu sənəd əsasında danışıqlara hazır olduğunu bildirərək öz hərbi üstünlüyünü siyasi təzyiq vasitəsinə çevirməyə çalışır. Cəbhədə ağır vəziyyət, yaxınlaşan sərt qış və resurs çatışmazlığı fonunda sülh planının məhz indi gündəmə gəlməsi təsadüfi görünmür. Məhz buna görə də əsas sual budur: bu sənəd yeni geosiyasi mərhələnin başlanğıcıdır, yoxsa Ukraynanı masaya oturmağa məcbur edən təzyiq aləti?
Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev Crossmedia.az-a açıqlama verib. O bildirib ki, aktiv fazada 4 il, ümumilikdə isə 2014-cü ildən etibarən davam edən Rusiya-Ukrayna müharibəsi bugün Ukrayna üçün kifayət qədər mühüm qərarların verilməsinin zəruri olduğu mərhələyə gəlib çatıb.
“Bir neçə gün öncə Ukrayna Ali Radasının deputatı Aleksey Gonçarenko ABŞ-nin Rusiya ilə birlikdə hazırladığı 28 bəndlik sülh planını açıqlayıb. Razılaşmanın ilkin mətni Ukrayna rəsmi dairələrində ciddi narahatlıq yaradıb. Nümunə olaraq Ukrayna prezidentinin “Ölkəmiz çox mürəkkəb seçim qarşısında qala bilər. Ya 28 çətin bənd, ya da son dərəcə sərt qış, əlavə təhlükələr”,- deyə açıqlama verməsi vəziyyətin Ukrayna üçün nə qədər taleyüklü olduğunu göstərir”,- deyə Ü. Mustafayev bildirib.
Onun sözlərinə görə, təklif olunan sülh razılaşmasında Ukraynanın ən əvvəldən xüsusilə vurğuladığı təhlükəsizlik təminatı ilə məqamlar arzuolunan səviyyədə deyil.
“Ukraynanın ən əvvəldən istədiyi təhlükəsizlik təminatı budurmu? Əlbəttə ki, yox. Digər tərəfdən Ukrayna ordsunun canlı qüvvə sayının limitlənməsi, NATO-ya üzvlükdən birdəfəlik imtina, Krım, Luqansk və Donetskin de-fakto Rusiya ərazisi kimi tanınması, Ukrayna qüvvələrinin Donetsk vilayətindən çıxarılması və ərazinin demilitarizasiya olunmasına baxmayaraq, Rusiya Federasiyası ərazisi kimi tanınması ilə bağlı bəndlər Ukraynanın suverenlik və ərazi bütövlüyünün sual altına qoyur. Ukrayna 27 noyabradək təklif olunan sülh planına cavab verməlidir”,- deyə o qeyd edib.
Rusiya prezidenti Vladimir Putinin ABŞ-dən sülh razılaşması sənədi aldığı və bu sənəd əsasında danışıqlara hazır olduğunu bildirən Ü. Mustafayev əlavə edib ki, Ukrayna və onun müharibəni davam etməsinin tərəfdarları sülh bəndləri ilə razı deyillər. “Belə olan halda isə Kupyanskda baş verənlər cəbhənin digər istiqamətlərində də təkrarlana bilər.” - deyə V.Putin bildirib.
Beləliklə maraqlı sual yaranır niyə sülh planı məhz indi yayımlandı və bundan sonrakı prosesslərin ssenarisi necə ola bilər? Suala ətraflı izah verən Ü. Mustafayev bildirib ki, Ukrayna qoşunları qış başlayanadək inamlı əks-hücum keçirməli və rusların ən azı təminat yollarını hədəfə alaraq məhdudlaşdırmalı idi.
“Bir neçə dəfə cəhdlər edilsə də, ciddi uğurlar əldə oluna bilmədi. Hazırda isə Ukrayna Pokrovsk istiqamətində geriləmənin bir addımlığındadır. Şəhər döyüşlərinin davam etdiyi bir vaxtda Rusiya qoşunları logistik yolları nəzarətə götürməyə çalışır”,- deyə o izah verib.
Pokrovskun sadəcə bir ərazi vahidi olmadığını qeyd edən Ü. Mustafayev Donbas cəbhəsində Ukraynanın əsas təminatının logistik mərkəzi sayıldığını bildirib.
“Şəhərin coğrafi mövqeyi, ordan keçən magistral yollar Ukrayna ordusu üçün sursat və yanacaq təchizatında mühüm rol oynayır. Şəhərin itirilməsi nəticəsində Ukrayna qüvvələrinin Konstantinovka və Drujkivka istiqamətinə geri çəkilməsinə səbəb ola biləcəyi gözləniləndir. Bir neçə gün öncə isə Rusiya ordusu Xarkov istiqamətində mühüm ərazi olan Kupyanska daxil olub, şəhərdə nəzarəti təmin etməyi bacardı. Kupyanskın itirilməsi Xarkov istiqamətində Ukrayna ordusunun mövqeyini ciddi şəkildə zəiflətdi. Eyni zamanda nəzərə alsaq ki, ordu qüvvələrinin itkilər fonunda döyüş motivasiyası aşağı düşür – ruh düşkünlüyü yaranır, bu da son nəticədə ordu daxilində iğtişaşa gətirib çıxara bilər. Son səfərbərlik fonunda baş verən hadisələr və cəbhədə artmaqda olan itkilər Ukraynanın döyüş meydanındakı canlı qüvvə sayına ciddi təsir edib”,- deyə bildirib.
2024-cü ilin avqust ayından etibarən Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunun energetika və müdafiə sahəsində çirkli pulların yuyulması, zorla pul tələb etmə və digər korrupsiya halları ilə bağlı araşdırmaya başlaması, araşdırma nəticəsində ortaya çıxan faktlarla bağlı açıqlamasında Ü. Mustafayev qeyd edib ki, araşdırmaların əsas mərkəzində Ukraynada dörd atom elektrik stansiyasını idarə edən “Enerqoatom” şirkəti dayanır.
Ukraynada Rusiyanın dron və hava hücumlarından ən çox əziyyət çəkən sahə energetika sahəsidir. Bu barədə Ü. Mustafayev bildirib ki, sahənin hər hücumdan sonra qısa zamanda bərpa olunmasına milyonlarla dollar vəsait xərclənir və bu vəsaitlərin əksər hissəsinin xaricdən gələn dəstək hesabına olduğunu nəzərə alsaq korrrupsiya qalmaqalının Ukraynanın əsas müttəfiqi olan Avropa dövlətləri qarşısında nə qədər çıxılmaz vəziyyətə düşməsini təxmin etmək elə də çətin olmaz.
“Yunan mifologiyasında toxunduğu hər şeyi qızıla çevirməyi bacaran Midasın şərəfinə “Midas” kod adı verilən korrupsiya araşdırması-əməliyyatı davam edir. İstintaq hələ də onlarla şəxsin adını açıqlamayıb. Görünür bunun da səbəbi ölkə daxilində ciddi rezonansın yaranmasından çəkinilməsi ilə bağlıdır”,- deyə o bildirib.
Təbii şərait, korrupsiya araşdırmaları, döyüşə yararlı əhalı sayında çatışmazlıq kimi daxili problemlər və cəbhədəki ciddi ərazi itkiləri Ukraynanın bugün müharibəni davam etdirmək potensialını sual altına salıb. Siyasi proseslərin təhlili göstərir ki, hazırda hər hansı yeni nailiyyət, məsələn cəbhədə uğurlu hərbi əməliyyat, daxili siyasi vəziyyətdə əsaslı dəyişiklik və ya Avropadan ciddi dəstək olmazsa təklif olunun ilkin 28 bənd əsasında Ukrayna sülh razılaşması ilə bağlı danışıqlara başlamağa məcbur olacaqdır. Beləliklə də, əsas həlledici ağırlıq Ukrayna diplomatlarının üzərindədir. Cəbhədə məğlubiyyətlə üzləşən Ukrayna sülh danışıqlarında ən azı təhlükəsizlik təminatı ilə bağlı məsələni təmin etməlidir. Müharibənin ən əvvəlində 2014-cü ildə itirilmiş Krımı geri alacağını səsləndirən Prezident Zelenski, müzakirə olunan sülh razılaşmaları əsasında Ukraynanın həm də Krımı tam hüquqi olaraq itirəcəyinin fərqindədir.
Nigar Yahyazadə
15:32 24.11.2025
Oxunuş sayı: 5269