Azərbaycan hərəkətə keçdi: Bakı və Tehran Xəzərlə bağlı məsələdə razılığa gələ biləcəkmi?
Xəzər dənizinin ekoloji təhlükəsizliyi həm region ölkələri, həm də beynəlxalq hüquqi nizam üçün strateji əhəmiyyət daşıyır. Dəniz ekosisteminə artan antropogen təsirlər, sənaye layihələrinin genişlənməsi, transsərhəd çirklənmə riskləri və sahilyanı dövlətlərin iqtisadi fəaliyyətlərinin intensivləşməsi Xəzərin mühafizəsini yalnız milli səviyyədə deyil, çoxşaxəli regional hüquqi mexanizmlər çərçivəsində tənzimlənməsini zəruri edir. Bu səbəbdən həm Tehran Konvensiyası, həm də Xəzərin hüquqi statusunu müəyyən edən çoxtərəfli və ikitərəfli müqavilələr sahilyanı dövlətlərin, o cümlədən Azərbaycan və İranın ekoloji siyasətini bir-biri ilə uzlaşdırmasını tələb edən əsas normativ baza kimi çıxış edir. Məhz bu hüquqi çərçivə Xəzərdə ətraf mühitin qorunmasının necə təşkil olunmalı olduğunu, tərəflərin bir-birinə hansı öhdəliklərlə bağlandığını və gələcək əməkdaşlığın hansı prosedurlara əsaslanacağını müəyyən edir.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq magistrı Tamerlan Hacıyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Tehran Konvensiyası Xəzər dənizinin dəniz mühitinin qorunmasına dair beş sahilyanı dövlətin üzərinə həlledici hüquqi öhdəliklər qoyan çərçivə sənədidir və bu sənəd Xəzərin ekosistemini vahid regional sistem kimi qəbul etdiyi üçün ətraf mühitin qorunması yalnız milli deyil, həm də kollektiv hüquqi prosedurlarla təmin edilməlidir.
T. Hacıyev əlavə edib ki, Konvensiya dövlətlər arasında davamlı və institusional xarakterli monitorinq və məlumat mübadiləsi mexanizminin qurulmasını tələb edir: "Bu çərçivədə hər bir dövlət öz sektorunda aparılmış ekoloji ölçmələri digər tərəflərlə paylaşmalı, transsərhəd çirklənmə və fövqəladə vəziyyətlər barədə dərhal xəbərdarlıq etməlidir ki, digər dövlətlər də qabaqlayıcı tədbirlər görə bilsinlər".
O qeyd edib ki, Tehran Konvensiyası həmçinin Xəzər dənizinə təsir edə biləcək bütün iri layihələrin və sənaye fəaliyyətlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinə cəlb olunmasını hüquqi şərt kimi irəli sürür: "Bu prosedur yalnız daxili normativ aktlara deyil, eyni zamanda sahilyanı dövlətlərlə məsləhətləşmələrə əsaslanmalıdır. Digər mühüm hüquqi tələb Konvensiyanın xüsusi protokollarının icrasıdır — neftlə çirklənmənin qarşısının alınması, gəmiçilik fəaliyyətinin tənzimlənməsi, sənaye tullantılarının dənizə axıdılmasının məhdudlaşdırılması və fövqəladə hallarda birgə cavab tədbirlərinin koordinasiyası kimi istiqamətlərdə dövlətlər uyğun milli qanunvericilik qəbul etməli və birgə işçi mexanizmlər yaratmalıdır".
T. Hacıyev vurğulayıb ki, Konvensiyanın işlək olması üçün Tərəflərin Nazirlər Konfransı vasitəsilə dövlətlərin müntəzəm hesabat təqdim etməsi, ortaq standartların qəbul edilməsi və monitorinq metodologiyalarının harmonizasiyası tələb olunur: "Beləliklə, Tehran Konvensiyası ətraf mühitin qorunmasını yalnız ümumi niyyət deklarasiyası kimi deyil, birgə monitorinq, məlumat mübadiləsi, ƏMTQ proseduru, fövqəladə hallara kollektiv cavab və hüquqi protokolların icrası kimi konkret və məcburi prosedurlarla təmin edir".
Azərbaycan və İran arasında Xəzər dənizi üzrə ekoloji əməkdaşlıq regional hüquqi rejim, ikitərəfli razılaşmalar və ümumi beynəlxalq dəniz hüququ prinsiplərinin birləşməsi ilə müəyyən olunur.
"Əsas hüquqi baza kimi 2018-ci il “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” çıxış edir. Bu sənəd Xəzərin bölünməsi, dəniz dibi və təkəsinin aidiyyəti, su sütununun istifadəsi və hər bir dövlətin yurisdiksiya səlahiyyətlərini müəyyən etdiyindən, Azərbaycan-İran birgə monitorinqi yalnız tərəflərin qarşılıqlı razılığı və hər birinin milli sektorunun toxunulmazlığına hörmət çərçivəsində həyata keçirilə bilər",-deyə o bildirib.
T. Hacıyev əlavə edib ki, əməkdaşlıq ya ortaq müəyyənləşdirilmiş sahələrdə birgə tədqiqat, ya da hər iki dövlətin öz sektorunda paralel ölçmələr apararaq nəticələri paylaşması şəklində təşkil oluna bilər: "Bundan əlavə, Azərbaycan və İran arasında dəniz sərhədi və əməkdaşlıqla bağlı ikitərəfli sənədlər mövcuddur ki, bu sənədlər praktiki tənzimləmələrdə – tədqiqat gəmilərinin fəaliyyəti, məlumat mübadiləsi və icazə prosedurları kimi məsələlərdə əsas rol oynayır".
T. Hacıyev beynəlxalq hüquq prinsiplərinə də diqqət çəkərək bildirib: "Xəzər hövzəsi UNCLOS-a (BMT Dəniz Hüququ Konvensiyası) birbaşa tabi olmasa da, onun "transsərhəd çirklənməyə yol verməmək", "ekoloji məsuliyyət", "elm və məlumat mübadiləsi", "dövlətlərin dəniz mühitinin qorunmasında əməkdaşlıq öhdəliyi" kimi prinsipləri Azərbaycan-İran əməkdaşlığının beynəlxalq hüquqi təməlinin ayrılmaz hissəsidir.
O bildirib ki, Tehran Konvensiyası və onun protokolları bu iki ölkə arasında ekoloji əməkdaşlığın sektoral standartlarını müəyyən edir: "Birgə monitorinqin metodologiyasından tutmuş fövqəladə çirklənmə hallarında koordinasiya olunmuş cavab tədbirlərinə qədər bütün mexanizmlər həmin regional müqavilələrdən qaynaqlanır. Bütün bunlar Azərbaycan-İran ekoloji əməkdaşlığını hüquqi cəhətdən yalnız siyasi razılığa deyil, Xəzərin hüquqi statusunu müəyyən edən konvensiyalara, çoxtərəfli müqavilələrə, ikitərəfli sazişlərə və beynəlxalq dəniz hüququnun fundamental prinsiplərinə əsaslanaraq həyata keçirir".
Nigar Yahyazadə
20:55 22.11.2025
Oxunuş sayı: 5876