Yaşayış minimumunun müəyyən edilməsində yeni yanaşmalara ehtiyac var - İqtisadçı
Azərbaycan Respublikasının Milli Məclisində 2026-cı ilin dövlət büdcəsi ilə bağlı sosial-iqtisadi paket çərçivəsində mühüm sənədlərin müzakirəsi həyata keçirilib. Parlamentin plenar iclasında “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin ilk oxunuşda qəbul edilməsi ölkədə sosial siyasətin davamlı şəkildə təkmilləşdirilməsi və əhalinin həssas təbəqələrinin müdafiəsinin gücləndirilməsi istiqamətində vacib addım kimi qiymətləndirilir.
Bu sənədlərdə 2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının 300 manat səviyyəsində müəyyən edilməsi, əvvəlki illə müqayisədə artımın nəzərdə tutulması dövlətin sosial rifahın yüksəldilməsi istiqamətində ardıcıl siyasət apardığını göstərir. Həm əmək qabiliyyətli əhali, həm pensiyaçılar, həm də uşaqlar üçün yaşayış minimumu hədlərinin ayrıca müəyyən olunması isə sosial təminatın hədəflənmiş və daha effektli şəkildə həyata keçirilməsinə xidmət edir.
Mövzu ilə bağlıiqtisadçı- ekspert Rəşad Həsənov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ümumiyyətlə, yaşayış minimumu və ehtiyac meyarının nominal göstəriciləri həm iqtisadçılar, həm sosial sahə üzrə mütəxəssislər, həm də ümumilikdə cəmiyyət tərəfindən daim müzakirə mövzusu olur. Bu sahədə yaranan şübhəli yanaşmaların əsas səbəbi istehlak səbətinin strukturunun artıq uzun müddətdir təkmilləşdirilməməsidir. Halbuki qanunvericilik istehlak səbətinin tərkibinə üç ildən bir yenidən baxılmasını tələb edir. Lakin bu istiqamətdə ciddi addımların atılmaması mövcud narazılıqların formalaşmasına gətirib çıxarır. Digər tərəfdən, istehlak səbətinin strukturunun keyfiyyəti də ayrıca problemdir. Üçüncü mühüm faktor isə hesablamalar zamanı nəzərə alınan qiymətlər və xidmət növləri üzrə müəyyən edilən minimum tələblərin real bazar şərtləri ilə bir çox hallarda uzlaşmamasıdır. Alternativ hesablamalar göstərir ki, mövcud istehlak səbətinin bu günkü strukturu ilə belə, bir nəfərin aylıq dolanışığı üçün təxminən 400–450 manat vəsait tələb olunur. Təbii ki, bu göstərici dəyişkəndir: paytaxt üçün bir səviyyə, iri şəhərlər üçün başqa səviyyə, ucqar rayonlar üçün isə daha fərqli rəqəmlər ortaya çıxır. Buna görə də bu nüansların nəzərə alınması çox vacibdir. Eyni zamanda, yaşayış minimumunun yalnız ildə bir dəfə deyil, inflyasiya dinamikasından asılı olaraq ən azı ildə iki dəfə yəni altı aydan bir yenilənməsinə dair qanuni mexanizmin yaradılması daha məqsədəuyğun olardı. Bir sıra ölkələrdə əhalinin alıcılıq qabiliyyətinin qorunması və yoxsullaşma risklərinin azaldılması üçün yaşayış minimumu rüblük və ya yarımillik əsasda yenilənir. Başqa bir vacib məqam isə bir çox ölkələrin təcrübəsində bu göstəricilərin müəyyən edilməsinə vətəndaş cəmiyyəti institutlarının və icma nümayəndələrinin də cəlb edilməsidir. Bu, həm şəffaflığı artırır, həm də real sosial vəziyyətin daha dəqiq nəzərə alınmasına imkan yaradır".

Ekspert, həmçinin hazırkı şəraitdə yaşayış minimumunun təxminən 5 faiz artırılmasının nəzərdə tutulduğunu qeyd edib: "Hökumətin proqnozuna əsasən, 2025-ci ildə inflyasiya 6 faiz səviyyəsində gözlənilir. Bu isə göstərir ki, artırılan yaşayış minimumu və ehtiyac meyarı real bazar qiymətlərinin dəyişkənliyinə adekvat deyil və əhalini yoxsullaşma risklərindən qorumaqda kifayət etmir. Minimum həyat şəraitinin təmin olunması hüququ təmin edilmir. Bu səbəbdən, yaşayış minimumunun müəyyən edilməsində yeni yanaşmalara, real vəziyyətin nəzərə alınmasına, altı aydan bir yeniləmə mexanizminin tətbiqinə, həmçinin yaşayış yerindən — bölgə və coğrafiyadan asılı olaraq diferensial meyarların müəyyən edilməsinə ehtiyac var. Eyni zamanda istehlak səbətinin həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşdirilməsi artıq zəruri çağırışa çevrilib".
Elmir Heydərli
13:01 21.11.2025
Oxunuş sayı: 2915