Mərkəzi Elmi Kitabxana rəqəmsal texnologiyalar və süni intellekt mövzularına xüsusi diqqət verir
AMEA-nın Mərkəzi Elmi Kitabxanası rəqəmsal texnologiyalar və süni intellekt mövzularına hər zaman xüsusi diqqət verir.
Crossmedia.az xəbər verir ki, bu fikri Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov qeyd edib.
“Müasir elmin, təhsilin və informasiya mühitinin inkişafında süni intellekt texnologiyalarının rolu danılmazdır. Rəqəmsal transformasiyanın sürətlə getdiyi bir dövrdə Mərkəzi Elmi Kitabxana da bu proseslərə uyğunlaşaraq süni intellekt imkanlarından aktiv şəkildə yararlanır. Məqsədimiz informasiya resurslarının daha səmərəli idarə olunması, biliklərə çıxışın asanlaşdırılması və innovativ xidmətlərin genişləndirilməsidir.
Hazırda MEK süni intellekt, maşın öyrənməsi, dərin öyrənmə və rəqəmsal texnologiyalar sahəsində tədqiqat aparan mütəxəssislər üçün geniş elektron resurslara çıxış imkanı təmin edir. Oxucularımız Elm və Elektrik Mühəndisləri İnstitutunun Xplore elektron kitabxanasından, həmçinin süni intellekt üzrə ən sürətli yenilənən elmi mənbələrdən biri olan arxiv elektron deposundan sərbəst istifadə edə bilirlər. Avropa İttifaqının Açıq Tədqiqat Platformasına çıxış da mövcuddur ki, bu, həm nəzəri, həm tətbiqi tədqiqatlar üçün mühüm informasiya bazasıdır.
MEK hər zaman rəqəmsal texnologiyalar və süni intellekt mövzularına xüsusi diqqət verir. Xüsusilə qeyd etməliyik ki, noyabrın 21-22-də kitabxananın 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçiriləcək tədbirdə bir seksiya tam olaraq süni intellektə və onun kitabxana-informasiya fəaliyyətində tətbiqlərinə ayrılıb.
Bu kimi tədbirlər vasitəsilə həm yerli, həm də xarici mütəxəssislər öz təcrübələrini bölüşür, kitabxanalar üçün ən yeni süni intellekt həlləri müzakirə olunur”, - deyə müsahibimiz bildirib.
Direktor onu da qeyd edib ki, oxucularımızın rahatlığı üçün Elektron kataloqda axtarış sistemi də sadələşdirilib. “AI”, “neural networks”, “intelligent systems” və bu kateqoriyaya aid digər açar sözləri daxil etməklə bütün mövcud kitab, məqalə və elektron resursları əldə etmək mümkündür.
“Hazırda MEK-in saytından 51 adda beynəlxalq elmi bazaya uzaqdan giriş imkanı mövcuddur. Milyonlarla məqalə, dissertasiya, elektron kitab, arxiv materialları, açıq girişli jurnallar və digər mənbələr oxucuların istifadəsinə verilir. Bir çox bazaların tam mətni kitabxananın kompüterlərindən yüklənə bilir.
Bundan əlavə, MEK-in Dissertasiya və avtoreferatlar fondunda bu sahədə müdafiə olunmuş işlərin bütün avtoreferatları qorunur.
Akademik elmi məlumatları axtarmaq və izləmək üçün istifadə olunan müxtəlif onlayn verilənlər bazaları olan “Google” “Scholar”, “Scopus” və “Web of Science” üzrə axtarışlarda texniki dəstək də göstərilir. Belə ki, MEK-in Oxu zallarında sözügedən bazalara giriş imkanları təmin olunub. İstənilən oxucumuz öz istəyi ilə bazalardan tam sərbəst istifadə edə bilər.
Süni intellekt mövzusu üzrə tələbatın artmasını nəzərə alaraq kitabxana fonduna nəşrlər də daxil edilir. Son illər “Süni intellekt texnologiyalarının elmi-nəzəri və praktiki problemləri”, “Elmi-texniki tərəqqi, süni intellekt və hüquq”, “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə”, “Süni intellekt, insan hüquqları və fərdi məlumatların təhlükəsizliyi” kimi elmi toplular fonda əlavə olunub.
Bu nəşrlər tədqiqatçılara həm nəzəri, həm də praktiki sahələr üzrə aktual məlumatlar təqdim edir və süni intellekt üzrə yeni elmi yanaşmaların formalaşmasına mühüm töhfə verir”, - deyə MEK-in direktoru bildirib.(AZƏRTAC)
19:51 19.11.2025
Oxunuş sayı: 1960