BMT Azərbaycanın peşəkarlığına yüksək qiymət verir və əməkdaşlığı genişləndirir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) COP29 zamanı Azərbaycanın nümayiş etdirdiyi peşəkarlığı, güclü təşkilatçılığı və səmərəli icranı rəsmi şəkildə təqdir edib. Bu yüksək qiymətləndirmənin davamı olaraq, UNFCCC gələcəkdə beynəlxalq iqlim tədbirləri və təşəbbüslərinin təşkilində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.
COP29-un məlumatına görə, COP29 Sədrliyi Belemdə keçirilən COP30 çərçivəsində UNFCCC Katibliyi ilə görüşüb. Görüşdə COP29-un Prezidenti və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova, UNFCCC-nin konfrans işləri üzrə direktoru Vasim Mir və UNFCCC-nin hüquq işləri üzrə direktoru Kristina Adam iştirak ediblər.
Müzakirələr zamanı tərəflər COP29-un mirası, o cümlədən Azərbaycan dövlətinin işçi qüvvəsinin və könüllülərin insan kapitalının inkişaf etdirmək istiqamətində əldə etdiyi təcrübəni, həmçinin Azərbaycanın dövlət və özəl sektorlarından mütəxəssislərin qarşıdakı beynəlxalq layihə və tədbirlərə cəlb olunması imkanlarını araşdırıblar. Tərəflər yaxın həftələrdə rəsmi saziş imzalamaq niyyətlərini ifadə olunub.
Genişlənən əməkdaşlıq COP29-un uğurlu təşkilində Azərbaycanın qazandığı təcrübənin, eləcə də Azərbaycan mütəxəssislərinin bacarıq, peşəkarlıq və texniki səriştəsinin qlobal iqlim təşəbbüslərinə inteqrasiyasına imkan yaradacaq.
Bu dialoq bir daha göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etimadını qazanıb və qlobal iqlim diplomatiyasının təşviqində getdikcə daha böyük rol oynayır.
08:05 19.11.2025
Oxunuş sayı: 1415