ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ çərşənbə günü İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramlarını dəstəklədiklərinə görə bir sıra ölkələrdəki fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu addım Vaşinqtonun Tehrana təzyiq göstərmək üçün növbəti cəhdi kimi qiymətləndirilir.
Crossmedia.az ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki , bu tədbirlər İran, Türkiyə, Ukrayna və digər ölkələrdə yerləşən, İranın silah istehsalı üçün komponentlərin alınması və çatdırılmasını təşkil edən çoxsaylı təchizat şəbəkələrini idarə edən 32 fiziki və hüquqi şəxsə qarşı yönəlib.
Maliyyə Nazirliyinin bəyanatında bildirilir: “Bu şəbəkələr ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin hərbi və mülki heyətinə, eləcə də Qırmızı dənizdəki kommersiya gəmiçiliyinə təhlükə yaradır".
Vaşinqton, eləcə də onun Avropa müttəfiqləri və İsrail uzun müddətdir Tehranı nüvə proqramından silah istehsalını gizlətmək üçün istifadə etməkdə ittiham edirlər. İran isə bu iddiaları rədd edir və nüvə fəaliyyətinin tamamilə dinc məqsədlərlə həyata keçirildiyini bildirir.
Pərvin Hacıyeva
11:26 13.11.2025
Oxunuş sayı: 1396