Ərdoğan: Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin “qara qutusu” tapılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan ərazisində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin bort yazıcısının (“qara qutunun”) tapıldığını açıqlayıb. Dövlət başçısının sözlərinə görə, qəza nəticəsində həlak olan 19 hərbçinin cəsədi artıq tapılıb, sonuncu hərbçinin axtarışları isə davam edir.
Crossmedia.az bu barədə “Anadolu” agentliyinə istinadən məlumat verir.
Prezident Ərdoğan hadisə ilə bağlı vəziyyətin hökumətin daimi nəzarəti altında olduğunu vurğulayıb:
“Qəza yerində aparılan işlər bizim daimi nəzarətimiz altındadır. Baş verən hadisənin bütün təfərrüatlarını tam şəkildə aydınlaşdırmaq üçün ətraflı araşdırma aparılacaq. Milli Müdafiə Nazirliyi və Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır və bu prosesi davam etdirəcək”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin cəmiyyəti yanlış məlumatlara inanmamağa çağırıb:
“Xalqımızdan xahiş edirəm ki, yalan məlumatlara qarşı ayıq olsun və çirkin siyasət yürütmək istəyənlərə fürsət verməsin.”
17:28 12.11.2025
Oxunuş sayı: 1291