COP29 Sədri estafeti COP30 Sədrliyinə ötürərək ölkələri əvvəlki vədləri yerinə yetirməyə çağırıb
Azərbaycan artıq COP Sədrliyini uğurla Braziliyaya təhvil verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29 Sədrliyi insanları bir araya gətirmək, ədalətli vasitəçi kimi çıxış etmək və mümkün olan ən yüksək ambisiyaya nail olmaq üçün çalışıb. COP29-un rəsmi saytı xəbər verir ki, Belendə COP30-un açılış mərasimində çıxış edən COP29-un Sədri Muxtar Babayev ölkələri əvvəlki COP-lar çərçivəsində verilən vədləri yerinə yetirməyə çağırıb. M.Babayev bu çağırışı COP sədrliyini Braziliyaya və COP30-un Prezidenti Andre Korrea du Laqoya rəsmi şəkildə təhvil verərkən səsləndirib.
COP29-un Sədri Azərbaycanın iqlim prosesinə davamlı töhfə verdiyini vurğulayaraq ötən il COP29 çərçivəsində razılaşdırılmış tarixi Bakı Maliyyə Məqsədinin həyata keçirilməsinin vacibliyini xatırladıb. M.Babayev bildirib ki, “dünya artıq debatlar yox, konkret addımlar tələb edən onilliyə daxil olub” və “bu razılaşmalar kollektiv qərarlardır, lakin onların icrası, ayrı-ayrılıqda hər bir ölkəni ehtiva edən fərdi səylərdən asılıdır”.
İqlim maliyyəsi ilə bağlı çıxışında prezident inkişaf etməkdə olan ölkələrə beynəlxalq dəstəyin növbəti onilliyini müəyyən edən üç əsas mərhələni ön plana çıxarıb:
- 2025-ci ilə kimi adaptasiya maliyyəsinin ikiqat artırılması (bu addım “təxirəsalınmaz” adlandırılıb);
- 2030-cu ilə kimi BMT-nin iqlim fondlarından vəsait axınının üçqat artırılması;
- 2035-ci ilə kimi illik azı 300 milyard ABŞ dolları həcmində maliyyə vəsaitinin səfərbər edilməsi.
COP29-un Sədri həmçinin əlavə edib ki, bu, ölkələrin öz növbəti milli iqlim planlarını təqdim etdiyi mühüm mərhələyə təsadüf edir: “Əgər ölkələr tələb olunan kapitala malik olmasalar, emissiyaları azaldaraq öz icmalarını qoruya bilməyəcək”, - deyə M. Babayev vurğulayıb.
M.Babayev onu da qeyd edib ki: “Dəyişən dünya geri addıma bəraət qazandıra bilməz. Biz məqsədi razılaşdırarkən, artıq dünyanın dəyişdiyini bilirdik. Bir çoxları bu dəyişiklikləri irəli addım atmamaq üçün bəhanə olaraq göstərdi. İndi isə bu, öhdəlikləri yerinə yetirməmək üçün səbəb kimi istifadə oluna bilməz”.
COP29-un rəsmi sosial media kanalları isə simvolik və rəmzi “hesab-faktura” yayımlayaraq ən son vədləri əks etdirib.
COP29-un Sədri M.Babayev xəbərdarlıq edib ki, icranın ilk ilində geriyə addım atılması “bütün prosesi sarsıda bilər”.
Bununla yanaşı, o, iki həftəlik konfrans ərəfəsində pozitiv baxış bucağını da təqdim edərək vurğulayıb ki: “Keçmişdə verilən vədləri yerinə yetirməklə, biz sistemə olan inamı bərpa edirik. Biz həmçinin sübut edirik ki, yeni razılaşmalar əbəs deyil. Beləliklə, biz çox vaxt müşahidə etdiyimiz etimadsızlığı aradan qaldırır, COP-un əsas məqsədini yenidən bərpa edirik”. (Azərtac)
08:21 11.11.2025
Oxunuş sayı: 1122