“İnanıram” - bir ananın fəryadı, bir xalqın ümid səsi
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Ülviyyə Heydərovanın ssenarisi əsasında hazırlanan “İnanıram” monotamaşası nümayiş olunub.
Crossmedia.az xəbər verir ki, tamaşa aktrisa Zemfira Əbdülsəmədovanın əlində balaca bir stulla səhnəyə çıxması ilə başlayır. Hələ bir kəlmə səslənmədən tamaşaçı anlayır ki, səhnədə dayanan şəhid anasıdır.
Onun söylədiyi hər söz bir ananın ən dərin, ən susdurulmaz ağrısı idi.
Amma daha çox bu cümlə onun acısını hiss etdirirdi, “Elə ağır idi ki…” oğlunu öz çiynində torpağa aparan ananın cümləsi… Bu cümlə daşıması mümkünsüz bir yükün ifadəsi idi.
Hadisələrin mərkəzində müharibədə yeganə oğlunu itirmiş ana dayanır. O, gənc arxeoloq olarkən dağ kəndində apardığı qazıntılar zamanı yamacda tək bitmiş bir ağac görür. Ağacın kölgəsində ana olacağını öyrəndiyi an, həmin ağac onun taleyinin bir parçasına çevrilir.
Müharibə başlayır. Oğlu könüllü şəkildə cəbhəyə yollanır və şəhid olur. Ana isə illər əvvəl bağlandığı o dağdan, o ağacdan, o xatirədən ayrı düşür.
O andan sonra onun üçün bu dünyada bir ünvan qalır: yamacdakı tənha ağac.
Son dəfə onu görmək, ona sığınmaq, bəlkə də həyatla vidalaşmaq üçün azad olunan torpaqlara, həmin ağacın yanına qayıdır…
Tamaşa bir ananın ağrısını anlatmaqdan da böyük məna daşıyır. O, Vətən sevgisini hər sevgidən üstün tutan şəhidlərin xatirəsinə və şəhid analarının susmayan duasına həsr olunub.
Səhnənin ən təsirli və eyni zamanda ümid dolu hissəsi ananın oğlundan qalan tək bir səsə sarıldığı andır. Oğlunun son danışığında sadəcə bir söz eşitmişdi:
“İnanıram…”
Ana bu inamın mənasını anlamağa çalışarkən, səhnədə oğlunun səsi eşidilir:
“Bax, indi hardasa bir qadın ana oldu…
Qoy o ana övlad ağrısı nədir bilməsin.
Övladının üzü həmişə gülsün.
Müharibəni yalnız kitablardan oxusun, filmlərdən görsün.
Bu belə də olacaq… İnanıram!”
Bu sözlər bütöv bir xalqın qürur, kədər və ümidini daşıyan ən səmimi arzusu idi.
Ayan Sədi



20:43 10.11.2025
Oxunuş sayı: 1442