ABŞ Çinlə gəmiqayırma araşdırmasını bir il dayandırdı
Son illər ABŞ və Çin arasında ticarət münasibətləri dünya iqtisadiyyatında ən çox izlənən mövzulardan biridir. İki ölkə arasındakı rəqabət yalnız iqtisadi sahədə deyil, həm də texnologiya, logistika, enerji təhlükəsizliyi və geopolitik nüfuz bölgülərində özünü göstərir. Vaşinqton administrasiyası bir il müddətinə Çinə qarşı gəmiqayırma və gəmiçilik sahəsi ilə bağlı aparılan ticarət araşdırmasını dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə 9 noyabrda dərc olunan ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsinin aparatının açıqlamasında bildirilir.
Sənəddə qeyd olunur ki, araşdırma çərçivəsində bütün prosedurlar 10 noyabr gecə yarısından etibarən dayandırılır. Araşdırma 2024-cü ilin aprelində başlanmışdı və Çinin gəmiqayırma, gəmiçilik və logistika sahəsində guya “ədalətsiz praktikalardan” istifadə etməsi iddialarına aid idi. ABŞ tərəfi iddia edirdi ki, Çin bu sahələrdə “dominant mövqe” əldə etməyə çalışır.
Açıqlamada vurğulanır ki, “araşdırmanın dayandırılması ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında əldə olunan, 1 noyabr 2025-ci ildə Ağ Ev tərəfindən elan edilən tarixi ticarət-iqtisadi razılaşmalardan sonra baş verib”. ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsinin aparatından bildirilib ki, Amerika tərəfi Çin hökuməti ilə araşdırmanın əhatə etdiyi məsələləri müzakirə edəcək.
Sənəddə həmçinin qeyd olunur: “Bu addımı atmaqla ABŞ ölkə daxilində səylərini davam etdirəcək və əsas müttəfiqləri və tərəfdaşları ilə birlikdə Amerikanın gəmiqayırma sənayesinin yenidən dirçəldilməsi üçün məsləhətlər aparacaq”.
Türkanə Məşədiyeva
10:32 10.11.2025
Oxunuş sayı: 2037