Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransı keçirilib
Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş festival çərçivəsində “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” mövzusunda 4-cü beynəlxalq elmi-praktiki konfransı təşkil edilib.
Crossmedia.az xəbər verir ki, yüksək səviyyədə təşkil olunan konfrans BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Qazaxıstan, Tacikistan və Özbəkistandan bir çox tanınmış alimlər iştirak ediblər.
Konfransın qarışıq formatda keçirilməsi müxtəlif ölkələrdən 50-dən çox iştirakçını birləşdirməyə imkan yaradıb. Məruzələr dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilib.
Konfransın açılışında Dövlət Himni səsləndirilib.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın moderatorluğu ilə keçirilən konfransda müasir musiqi elminin bir çox problemlərini özündə əks etdirən məruzələr dinlənilib.
BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli konfransın iştirakçılarını təbrik edərək, Ü.Hacıbəylinin Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı mühüm rolunu qeyd edib.
Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva konfrans iştirakçılarına uğurlar arzulayıb.
Beynəlxalq konfrans çərçivəsində “Üzeyir Hacıbəyli 140: cəngi ahəngində bir ömür” adlı məqalələr toplusunun və BMA-nın SABAH qruplarının musiqişünas tələbələri tərəfindən Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş "SABAH: Dünən. Bu gün. Sabah" adlı publisistik informasiya jurnalının təqdimatı keçirilib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Qazax Kurmanqazı adına Milli Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyası, S.Raxmaninov adına Rostov Dövlət Konservatoriyası və N.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının professor-müəllim heyəti, doktorantlar və magistrlər olduqca maraqlı, aktual mövzular ilə çıxış ediblər.
Sonda bütün iştirakçılar sertifikatla təltif olunub.
17:55 06.11.2025
Oxunuş sayı: 1639