Trampın iddiası şişirdilib - Açıqlama
ABŞ Prezidenti Donald Trampın Qarabağ münaqişəsinin dayandırılmasında rolunu önə çıxarması geniş müzakirələrə səbəb olub. O bildirib ki, Qarabağ münaqişəsinin dayandırılmasında əsas rol məhz ona məxsusdur. Lakin politoloqlar bu iddianı şişirdilmiş hesab edirlər.
Bu barədə Crossmedia.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, əslində Qarabağ münaqişəsi Azərbaycan ordusu tərəfindən sonlandırılıb:

"Azərbaycan ordusu öz sərhədlərini bərpa edib və erməni separatçı-terrorçu qruplaşmaları sıradan çıxarıb. Bundan sonra ölkənin bütün ərazisində Azərbaycan Konstitusiyasının təsiri bərpa olunub və faktiki atəşkəs elan edilib".
Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi artıq razılaşdırılmışdı və avqustun 8-də Vaşinqton görüşü sadəcə həmin sənədin paraflanması mərhələsi idi.
“Təbii ki paraflanma önəmlidir və iki ölkə arasında razılaşdırılmış yekun sülh sazişinin bundan sonra dəyişməyəcəyini ifadə edir. Bu baxımdan Donald Trampın iştirakını etiraf etmək olar, amma münaqişənin həllində birbaşa rolu olduğu iddiasına qədər yüksəldilməsi yolverilməzdir. Bu, şişirdilmiş yanaşma olardı,” – deyə politoloq əlavə edib.
O bildirib ki, ABŞ-nin Cənubi Qafqazda geopolitik maraqları var və Trampın belə bir bəyanat verməsi regionda ABŞ-nin nüfuzunu artırmaq məqsədini güdür. Həmçinin avqustun 8-də imzalanmış sənədlər ABŞ-ə Cənubi Qafqazda geopolitik addımlar atmaq üçün siyasi-hüquqi mexanizm təmin edir və böyük ehtimalla ABŞ bu mexanizmlərdən öz maraqları çərçivəsində maksimum istifadə etməyə çalışacaq.
Nigar Yahyazadə
18:16 29.10.2025
Oxunuş sayı: 2137