“Lukoil”in xaricdəki aktivləri dəyərinin üçdə birinə satıla bilər
Rusiyanın enerji nəhəngi “Lukoil” beynəlxalq bazarda ciddi itkilərlə üzləşə bilər. Şirkət sanksiyaların təsiri və satış üçün məhdud vaxt səbəbindən xaricdəki aktivlərini bazar dəyərindən xeyli aşağı qiymətə təklif etməyə məcbur olur. Bu, həm “Lukoil”in, həm də Rusiya neft sektorunun gələcək iqtisadi mövqelərinə təsir göstərə biləcək ən iri satış proseslərindən biri hesab edilir. Satış portfelinə Avropada yerləşən üç neft emalı zavodu, 20 ölkədəki yanacaqdoldurma məntəqələri şəbəkəsi, eləcə də Azərbaycan, Qazaxıstan və digər ölkələrdəki yataqlarda paylar daxildir.
Crossmedia.az Rusiya mediasına istinadən xəbər verir.
Ekspertlər satılacaq aktivlərin bazar dəyərini təxminən 10 milyard dollar məbləğində qiymətləndirirlər. Lakin analitiklərin fikrincə, mövcud şəraitdə bu aktivlər əhəmiyyətli endirimlə dost olmayan yurisdiksiyalarda 70%-ə, neytral və dost ölkələrdə isə 50%-ə qədər aşağı qiymətə satıla bilər.
Buna səbəb kimi satışın 21 noyabra qədər başa çatdırılması tələbi və sanksiya təzyiqi göstərilir ki, bu da alıcılar üçün üstünlük yaradır.
Günel Verdiyeva
10:32 29.10.2025
Oxunuş sayı: 1215