Siyasət Əsgərov: Azərbaycan millisinin motivasiyasını yüksəltmək üçün qalib gəlmək önəmli idi
Qadınlardan ibarət Azərbaycan millisinin motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edib.
Crossmedia.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Qazaxıstanda təlim-məşq toplanışı keçən kollektivin ardıcıl ikinci yoxlama oyununda ev sahibi komanda üzərində qələbə qazanmasına münasibət bildirib:
"Qazaxıstan yığması ilə oyunlar bizim üçün çox vacib idi. Çünki son matçlarımızı elə də yaxşı notda bitirməmişdik. Bu səbəbdən futbolçuların motivasiyasını yüksəltmək üçün qələbə qazanmaq böyük önəm kəsb edirdi. Hər iki görüşdə bunu bacardığımız üçün sevincliyik. İlk qarşılaşmada daha böyük fərqlə qalib gələ bilərdik. Görünür, həmin oyundan sonra rəqib bizi çox yaxşı təhlil etmişdi. Bu gün çətinliklərlə üzləşdik. Fikrimcə, futbolçularımızın ikinci görüşə tam bərpa ola bilməməsi də müəyyən rol oynadı. Yenə də qızlar xarakter göstərərək, sona qədər mübarizə apardılar və qələbə topunu vurdular. Buna görə komandamıza təşəkkür edirəm".
S.Əsgərov sonda yaradılan şəraitə görə Qazaxıstan Futbol Federasiyasına təşəkkürünü bildirib, təlim-məşq toplanışı üçün ayrılan yerin gözəl olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstan yığması ilə keçirdiyi ilk yoxlama görüşündə 2:1 hesablı qələbə qazanıb.
17:53 27.10.2025
Oxunuş sayı: 984