Türk dünyası rəqəmsal əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - Deputat
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi çox önəmlidir. Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında bildirib. "Ölkələrimiz arasında ortaq infrastruktur yaradılması, kibertəhlükəsizliyin gücləndirilməsi və süni intellekt tətbiqlərində etik çərçivələrin müəyyən edilməsi prioritet gündəliyimiz olmalıdır. Bu sahələrdə tədqiqat mərkəzlərimiz və texnologiya tərəfdaşlarımız arasında qurulacaq ortaq platformalar informasiya və veb paylaşımı asanlaşdıracaq. Ortaq süni intellekt təhsil proqramları və rəqəmsal bacarıq seminarları ilə gənclərimizin bu dəyişiklikdə fəal iştirakını təşviq edə bilərik. Digər tərəfdən, "yaşıl" və dayanıqlı sənayeyə yönəlmiş siyasətlərimizin uyğunlaşdırılması iqtisadi davamlılığımızı artıracaq. Aşağı karbonlu istehsal texnologiyaları, enerji səmərəliliyi və ekoloji dostu sənaye prosesləri sahəsində əməkdaşlığımızı genişləndirərək sənayemizin qlobal rəqabət qabiliyyətini qorumaq vacibdir. Bu istiqamətdə, təşkilatlanmış sənaye zonalarımızda "yaşıl enerji" istifadəsi, tullantıların idarə olunması və dövri iqtisadiyyat tətbiqlərinin yayılması üzrə ortaq layihələr həyata keçirmək böyük əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) inkişafının yeni mərhələsinə qədəm qoyur və prioritet istiqamət rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə keçib: “Türk Dövlətləri Təşkilatı (TDT) inkişafının yeni mərhələsinə qədəm qoyur. Əgər əvvəllər diqqət əsasən nəqliyyat, enerji və ticarət sahələrinə yönəlirdisə, bu gün prioritet istiqamət rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə keçib. Türkiyənin naziri tərəfindən səsləndirilən “TDT çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığı dərinləşdirmək vacibdir” fikri bir daha göstərdi ki, Türk Dünyası qlobal texnoloji ekosistemdə öz layiqli yerini tutmaq niyyətindədir”.
Deputat süni intellektin TDT-də rolundan da danışıb: “Süni intellekt artıq təkcə elmi tədqiqat istiqaməti deyil, həm də siyasi və iqtisadi güc amilidir. Bu sahədə irəlidə olan ölkələr qlobal iqtisadiyyatın yeni qaydalarını müəyyənləşdirir. Türk dövlətləri üçün bu sahədə əməkdaşlıq təkcə təcrübə mübadiləsi deyil, həm də ortaq rəqəmsal məkanın formalaşması, vahid standartlar, infrastruktur və elmi-tədqiqat mərkəzləri vasitəsilə inteqrasiyanın dərinləşməsi deməkdir. TDT yaxın illərdə Türk rəqəmsal siyasətinin formalaşacağı əsas platformaya çevrilə bilər — burada məqsəd birgə texnoloji inkişaf, proqram təminatının yaradılması, kibertəhlükəsizliyin gücləndirilməsi və bu sahədə ixtisaslı kadrların hazırlanmasıdır”.
S.Fətəliyeva Azərbaycanın süni intellekt imkanlarını da vurğulayıb: “Azərbaycan artıq süni intellekt və rəqəmsallaşma sahəsində regional liderliyə iddia edə biləcək bütün imkanlara malikdir. İnfrastrukturun inkişafı, “Rəqəmsal transformasiya – 2030” proqramı çərçivəsində süni intellekt, böyük verilənlər (Big Data) və bulud texnologiyalarının tətbiqi, innovasiya mərkəzləri və startap ekosistemləri, ASAN xidmət kimi uğurlu rəqəmsal idarəetmə modeli, eləcə də universitetlərdə maşın öyrənməsi və rəqəmsal iqtisadiyyat üzrə mütəxəssislərin hazırlanması — bütün bunlar Azərbaycanın rəqəmsal transformasiya prosesində öncül rolunu möhkəmləndirir. Bu potensial Azərbaycanın təkcə iştirakçı deyil, həm də rəqəmsal inkişafın koordinatoru kimi çıxış etməsinə şərait yaradır. Azərbaycan TDT çərçivəsində tətbiq oluna biləcək yeni rəqəmsal həllərin və texnoloji modellərin hazırlanmasında əsas mərkəzə çevrilə bilər. Türk Süni İntellekt Mərkəzinin yaradılması təşəbbüsü bu istiqamətdə ən mühüm addımlardan biri ola bilər. Belə bir mərkəz türk dillərinin emalı, avtomatik tərcümə və nitqin tanınması istiqamətində birgə elmi tədqiqatlar apara, təhsil proqramlarını və universitetlərarası əməkdaşlığı koordinasiya edə, startap və innovasiya şirkətlərinə dəstək göstərə, ortaq süni intellekt strategiyasının hazırlanmasına töhfə verə bilər. Süni intellekt sahəsində bu əməkdaşlıq Azərbaycanın yumşaq gücünün (soft power) yeni istiqamətinə çevrilə bilər — elm, təhsil və texnologiyanı birləşdirən diplomatik platforma kimi”.
O Azərbaycanın yerləşdiyi mövqe və imkanları belə şərh edib: “Coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu (Orta Dəhliz, Zəngəzur dəhlizi) sayəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır. Bu gün bu körpü yalnız nəqliyyat və enerji sahəsində deyil, həm də rəqəmsal sferada öz əhəmiyyətini göstərir. Süni intellektin idarəetmədə, logistika sistemlərində və işğaldan azad edilmiş ərazilərin bərpasında — Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər və kənd” layihələrində — tətbiqi göstərir ki, texnologiyalar artıq sülh və inkişafın mühüm vasitəsinə çevrilib. Əgər neft və qaz sənayesi XX əsrin əsas enerji mənbəyi idisə, XXI əsrdə bu rolu süni intellekt və bilik iqtisadiyyatı oynayır. Ortaq mədəni köklərə və strateji baxışa malik olan Türk Dünyası təkcə texnologiyaların istehlakçısı deyil, həm də onların yaradıcı qüvvəsi ola bilər. Azərbaycan isə siyasi sabitliyi, innovativ infrastrukturu və beynəlxalq nüfuzu ilə bu prosesin mərkəzinə çevrilmək potensialına malikdir — burada intellekt və texnologiya ümumi rifah, sabitlik və tərəqqi naminə xidmət edir”.
Günel Verdiyeva
18:06 25.10.2025
Oxunuş sayı: 1153