Paşinyanın göstərişi ilə Gümrüdə Rusiya hərbi bazasına nəzarət edilib

Hüquq-mühafizə orqanları Gümrüdə altı saat davam edən xüsusi əməliyyatlar keçirərək, şəhər bələdiyyəsi binasından Gümrü meri Vardan Qukasyanı və cinayət işi üzrə digər təqsirləndirilən şəxsləri saxladıqları bir vaxtda, Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə ayrıca göstəriş verib ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasında baş verən proseslərə “on gözlə” nəzarət etsinlər və Qukasyana qarşı həyata keçirilən tədbirlərə qarşı hər hansı hərəkət və ya reaksiya olub-olmadığını müəyyənləşdirsinlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, Nikol Paşinyan rus tərəfinin davranışından ciddi şəkildə narahatdır.
Nəşrə görə, Paşinyan düşünür ki, Rusiya hərbi bazasından hər hansı addımlar atıla bilər, buna görə də öz narahatlığını aradan qaldırmaq məqsədilə bazanın ətrafına xüsusi müşahidəçilər yerləşdirilib və hətta pilotsuz uçuş aparatlarından da istifadə olunub.
“Rusiya tərəfi Paşinyanı daim sakitləşdirməyə çalışır, “heç bir problem yoxdur və hələ də razılığa gələ bilərik” deyə bildirir, ancaq Ermənistan hakimiyyəti yaxşı anlayır ki, bu, sadəcə olaraq onları sakitləşdirmək üçün deyilən sözlərdir və real mənada Rusiyadan müsbət reaksiya gözləmirlər.
Bu səbəbdən təəccüblü deyil ki, Paşinyan belə bir addımı əvvəlcədən gözləyirdi və buna görə də ötən gün Rusiya hərbi bazasında baş verən prosesləri diqqətlə izləyib. Rusiya tərəfi isə, yəqin ki, baş verənlərdən xəbərdar idi və havadan idarə olunan pilotsuz uçuş aparatlarını aşkar etdiyindən, heç bir hərəkət etməyib, daha çox müşahidə etməklə kifayətlənib”, - deyə müəllif bildirib.
12:06 22.10.2025
Oxunuş sayı: 879