ABŞ Senatı Tayvanla hərbi əməkdaşlığı dərinləşdirib

ABŞ Senatı 2026-cı maliyyə ili üçün Müdafiə Səlahiyyətləri Qanununu qəbul edərək Tayvanla hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirib.
Crossmedia.az xəbər verir ki, sənəd Tayvan üçün 1 milyard dollar ayırır, PUA və PUA əleyhinə pilotsuz sistemlərin birgə istehsalı və inkişafını nəzərdə tutur, Tayvanın rəqəmsal infrastrukturunun dayanıqlılığını qiymətləndirməyi tapşırır və "RIMPAC" təlimlərinə Tayvan donanmasının dəvətini təşviq edir.
Çin Müdafiə Nazirliyi bu qərarı “sabitliyi pozan” və Tayvan boğazında “qırmızı xətti keçən” addım kimi qiymətləndirib.
Qanun layihəsi Tayvanın müdafiə qabiliyyətini yalnız silahlanma ilə deyil, həm də döyüşdə davamlılıq və tibbi təminatla gücləndirməyə yönəlib. Tayvanın rəqəmsal dayanıqlığı üzrə araşdırma rabitə, məlumat mərkəzlərinin qorunması və şifrələmə sistemlərinin müharibə şəraitində sınaqdan keçirilməsini nəzərdə tutur.
"RIMPAC" təlimlərinə Tayvanın dəvəti siyasi cəhətdən ən simvolik addım hesab olunur, çünki bu, adanın regional hərbi formatlarda iştirakını legitimləşdirə bilər.
Pekin bu müddəaları ABŞ-Tayvan münasibətlərində normallaşma və hərbi inteqrasiyanın dərinləşməsi kimi dəyərləndirir. Beləliklə, risklər həm siyasi, həm də əməli səviyyədə artır xüsusən də regionda təlim və patrul fəaliyyətlərinin intensivləşməsi fonunda.
Bu qərar Tayvan istiqamətində ABŞ siyasətinin struktur dəyişiklik mərhələsinə keçdiyini göstərir. Bu, Hind-Sakit okean regionunda çoxşaxəli təhlükəsizlik arxitekturasının formalaşmasına təkan versə də, eyni zamanda ABŞ-Çin münasibətlərində yeni strateji gərginlik xətti yaradır.
11:38 22.10.2025
Oxunuş sayı: 631