Əlyazmalar İnstitutunda Süleyman Sani Axundovun 150 illik yubileyi qeyd olunub


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşəbbüsü ilə görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi, uşaq yazıçısı və pedaqoq Süleyman Sani Axundovun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Əlyazmalar İnstitu məlumat yayıb.
Məlumata görə, tədbiri açan elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov əsərlərində Süleyman Sani Axundovun yaradıcılıq fəaliyyətindən, onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən bəhs edib.
Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri dosent Nailə Səmədova, həmin şöbənin aparıcı elmi işçiləri - Könül Bağırova və Aytən Quliyeva, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin elmi işçisi Mərcan Hüseynova məruzələrində Süleyman Sani Axundov arxivinin və xatirələrinin əlyazma-nəşr nüsxələrindən, onun nəsr irsində aparılan tekstoloji araşdırmalardan, görkəmli dramaturqun arxiv məktublarından, uşaq ədəbiyyatı yaradıcılığının problematikası məsələlərindən söz açıblar. Çıxışlarda dövrünün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış yazıçının öz əsərlərində müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışdığı vurğulanıb.
Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri Rəna İskəndərli məruzə ətrafında çıxış edərək Süleyman Sani Axundovun bədii irsindən söz açıb, ədibin orijinal nasir olmaqla Azərbaycan uşaq ədəbiyyatına yeni forma, məzmun və üslub yenilikləri gətirdiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində iştirakçılar institutun Ekspozisiya zalında “Süleyman Sani Axundov -150” adlı sərgi ilə tanış olublar. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı sərgidə ədibin əlyazmaları, elmi-publisistik materialları, portreti və fotoları nümayiş olunub.
18:14 16.10.2025
Oxunuş sayı: 786