Macarıstanın XİN rəhbəri: Rusiya qazının kəsilməsi halında ölkənin enerji infrastrukturu tələbatı ödəyə bilməyəcək

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirib ki, əgər Rusiya qazının tədarükü dayandırılarsa, ölkənin mövcud qaz infrastrukturu tələbatı tam ödəməyə imkan verməyəcək və bu, qiymətlərin kəskin artmasına səbəb olacaq.
Bu barədə Crossmedia.az Tass xəbər-ə istinadən məlumat verir.
“Hazırda enerji balansımıza görə təhlükəsiz vəziyyətdəyik. Qaza gəlincə, bizim “Qazprom” şirkəti ilə uzunmüddətli müqaviləmiz var. Bununla yanaşı, biz başqa mənbələrdən də qaz alırıq – Türkiyədən, Azərbaycandan, Xorvatiyadakı LNG terminalı vasitəsilə, həmçinin yeni imzaladığımız uzunmüddətli müqavilələr əsasında Engie və Shell şirkətlərindən də qaz tədarük edəcəyik. Lakin fiziki baxımdan, əgər Rusiya qazı kəsilərsə, qalan infrastruktur ölkəni tam təmin edə bilməyəcək,” – deyə Siyyarto qeyd edib.
Nazirin sözlərinə görə, Rusiya həmişə müqavilə öhdəliklərinə sadiq qalaraq Macarıstana etibarlı enerji tədarükü həyata keçirib. Lakin əgər ölkəni enerji təchizatının strukturunu dəyişməyə məcbur etsələr, bu zaman hazırda Avropanın ən ucuz qaz qiymətlərinə malik olan Macarıstanda qiymətlər kəskin artacaq.
Siyyarto əlavə edib ki, hazırda Macarıstana iki neft kəməri vasitəsilə neft nəql olunur, lakin Brüssel bu kəmərlərdən birinin bağlanmasını tələb edir.
“Brüssel bizdən əsaslı diversifikasiya çərçivəsində neft kəmərlərindən birini bağlamağımızı istəyir. Amma necə ola bilər ki, iki kəmərdən birinin bağlanması diversifikasiyaya gətirib çıxarsın? Necə düşünmək olar ki, bir kəmər iki kəmərdən daha təhlükəsizdir? Bu, ağılsızlıqdır, biabırçılıqdır və tamamilə məntiqsizlikdir,” – deyə Macarıstan XİN rəhbəri vurğulayıb.
Mehriban İbrahimli
14:18 15.10.2025
Oxunuş sayı: 823