Artan hamilə ölümləri: Mütəxəssislər səbəbləri və həll yollarını göstərdi- Araşdırma

Hamiləlik qadının həyatında həm möcüzəvi, həm də çətin bir dövrdür. Bu mərhələdə qadının bədənində, psixologiyasında və həyat tərzində böyük dəyişikliklər baş verir. Bu dəyişikliklər bir tərəfdən körpənin sağlam inkişafını təmin etsə də, digər tərəfdən anaya fiziki və emosional çətinliklər yaradır.
Hamiləlik dövründə qadınlar tez-tez halsızlıq, yorğunluq, bel ağrıları, bulantı, qusma və yuxusuzluq kimi fiziki narahatlıqlarla qarşılaşırlar. Bədən çəkisinin artması, hormonların dəyişməsi və orqanizmin iki canı daşıması səbəbindən qadının gündəlik fəaliyyəti əvvəlki qədər rahat olmur. Həmçinin, bəzi hallarda yüksək qan təzyiqi, qan azlığı, şəkər xəstəliyi və erkən doğuş kimi tibbi risklər də müşahidə oluna bilər.
Psixoloji baxımdan da hamiləlik dövrü asan deyil. Qadınlar bu mərhələdə tez-tez əhval dəyişkənliyi, narahatlıq, qorxu və özünə inam problemləri yaşayırlar. Ana olma məsuliyyəti, doğuşdan qorxu və bədən formasındakı dəyişikliklər qadının emosional vəziyyətinə təsir göstərir.
Hamiləlik və doğuş insan həyatının ən təbii, eyni zamanda ən məsuliyyətli proseslərindəndir. Bu dövr yalnız yeni bir həyatın başlanğıcı deyil, həm də qadın orqanizmi üçün böyük bir sınaqdır. Təəssüf ki, bəzi hallarda bu sınaq faciə ilə nəticələnir. Dünyanın bir çox ölkəsində hamiləlik və doğuş zamanı qadın ölümü halları hələ də ciddi ictimai-səhiyyə problemi olaraq qalır. Bu vəziyyət, həm tibbi xidmətin səviyyəsini, həm də sosial və iqtisadi amillərin təsirini əks etdirir.
2024-cü ildə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı əvvəlki illə müqayisədə bir qədər azalmışdır. Belə ki, 2023-cü ildə 33 ana həyatını itirdiyi halda, 2024-cü ildə bu göstərici 29 nəfər olmuşdur. Hər 100 000 diri doğulana düşən ana ölümü səviyyəsi isə 29,2-dən 28,3-ə enmişdir. Bu, təxminən 3 faiz azalma deməkdir.
Lakin ümumi illik meyillər göstərir ki, 2020-ci ildən başlayaraq ana ölümü göstəriciləri əvvəlki onilliklə müqayisədə artma meyli göstərir. 2010–2019-cu illərdə bu göstərici əsasən 12–15 arası dəyişirdi və həmin dövr ana sağlamlığı sahəsində ən sabit illər hesab olunurdu. 2020-ci ildən etibarən isə göstəricilər tədricən yüksələrək 2023–2024-cü illərdə 28–29 səviyyəsinə çatmışdır.
Bu artım bir tərəfdən pandemiya illərində səhiyyə xidmətlərinə çıxışın çətinləşməsi, digər tərəfdən sosial və tibbi risklərin artması ilə əlaqələndirilə bilər. Bununla belə, 2024-cü ildə az da olsa azalma müşahidə olunması, ana ölüm hallarının qarşısının alınması istiqamətində görülən tədbirlərin müsbət nəticə verməyə başladığını göstərir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib ki, bu gün ana ölümü dünyada mövcud olan qlobal çağırışlar arasında, xüsusən də dünyanın 2030 Gündəliyində ən prioritet məsələlərdən biri sayılır: “Yəni ana ölümü təkcə inkişaf etmiş ayrı-ayrı ölkələrin deyil hər bir ölkənin dövlət siyasətində böyük önəm daşıyır. Bu, həm də bir sıra beynəlxalq təşkilatların, xüsusən də BMT-nin qəbul etdiyi sənədlərdə də imperativ norma və öhdəlik kimi təsbit edilir. İstər MİM-Minilliyin İnkişaf Məqsədlərində, istərsə sə DİM-Dayanıqlı İnkişaf Məqsədlərində ana və uşaq sağlamlığı ilə ( ölümü) bağlı hökumətlər prioritet məsələ kimi məsuliyyət daşıyır. Qeyd etdiyim hər iki sənədlərə BMT-yə üz olan bütün ölkələrin dövlət başçıları və hökumət rəhbərləri tərəfindən qeyd şərtsiz imza atılıbdır. Yəni ana və uşaq ölüm göstəricisi dövlətlərin həm də inkişaf göstərici kimi qəbul edilir”.
O qeyd edib ki, hamiləlik dövrü ana ölümünə də bu aspektən yanaşılır: “Azərbaycanda istər Sovet dövründə, istərsə də müstəqillik illərində ana və uşaq ölümü məsələsinə ən yüksək səviyyədə diqqət yetirilibdir. Bugün də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva tərəfindən çox böyük diqqət və qayğı göstərilir. Qeyd etmək istəyirəm ki, bütün dövrlərdə ana və uşaq ölümü məsələsi dövlətimizin səhiyyə siyasətini həyata keçirən ali mərkəzi icra qurumunun; Səhiyyə Nazirliyinin vəzifələri çərçivəsində məşğul olunub. Bildiyimiz kimi ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyədə də ciddi islahatlar həyata keçirilir. TƏBİB-in e-saytında verilən məlumatlarında da göründüyü kimi onun tabeçiliyində olan tibb müəssisələrində ana və uşaq ölümünün azaldılması ilə bağlı sistemli, məqsədyönlü və qabaqlayıcı tədbirlər həyata keçirilir. Milli Qanunvericiliyimizdə həm analığın, həm də uşaqların sağlamlığının mühafizəsinun hüquqi tənzimlənməsi müasir dövrün çağırışlarına cavab verir. Qeyd etmək istəyirəm ki, Milli Məclisin Səhiyyə Komitəsi həm Səhiyyə Nazirliyi, həm də TƏBİB ilə sıx əməkdaşlıq edir. Xüsusi vurğulamaq istəyirəm ki, islahatlar çərçivəsində İcbari Tibb Sığorta Dövlət Agentliyi ilə TƏBİB-in bölgələrdə həyata keçirilən tədbirlərində üzvü olduğum Səhiyyə Komitəsi davamlı olaraq iştirak edir. Hesab edirəm ki, bu özü dövlətimizin əhalinin sağlamlığına, xüsusilə də, Ana sağlamlığına verdiyi böyük dəyərdir. Qaldı Ana və uşaq ölümü ilə bağlı Parlamentdə vaxtı ilə hətta beynəlxalq səviyyədə dinləmə keçirilibdir. Sözsüz ki, bu cür dinləmələrin davamlı keçirilməsi dövlətimizin səhiyyə siyasətinə və uğurlu islahatlara böyük fayda gətirə bilər”.
Əlbəttə, hamilə ölümləri sıradan məsələ deyil. İl ərzində oxşar bədbəxt hadisələrin bir neçə dəfə baş verdiyini nəzərə alsaq deməliyik ki, bu, həm də sosial problemdir. Hər halda hamilə ölümləri cəmiyyətə təsirsiz ötüşmür.
Bu barədə danışan sosioloq Rəvan Əliyev bildirib ki, hamilə qadın ölümləri, ilk növbədə, cəmiyyətdəki sosial təminatsızlığın göstəricilərindən biridir: “Belə ölümlər çox vaxt kasıb, təhsili az, kənd yerlərində yaşayan qadınlar arasında baş verir. Digər tərəfdən, hamilə qadının itkisi ailənin psixoloji-sosial strukturunu dağıdır. Uşaqlar anasız böyüyür, kişi tək valideyn olur, ailə sosial travma yaşayır. Bu, uzunmüddətli dövrdə ailə institutunun sabitliyinə və sosial həmrəyliyə zərbə vurur. Hamilə qadın ölümləri birbaşa doğum səviyyəsinin azalmasına və nəsil bərpası prosesinin zəifləməsinə səbəb olur. Əgər ana ölürsə, çox zaman körpə də həyatını itirir. Bu isə həm doğum göstəricilərini azaldır, həm də uşaq ölüm statistikasını artırır. Əhali artımı üçün strateji dövrdə olan ölkələrdə, o cümlədən Azərbaycan kimi gənc əhali strukturuna malik cəmiyyətlərdə belə hallar demoqrafik təhlükəsizlik məsələsinə çevrilir. Hər bir ana itkisi, bir potensial ailənin və gələcək nəsil xəttinin qırılması deməkdir. Xüsusilə tədqiqat sahəm prizmasından yanaşdıqda Texnogen cəmiyyətin paradokslarından biri odur ki, texnologiya bəziləri üçün həyat səviyyəsini yüksəldir, bəziləri üçün isə yeni sosial bərabərsizlik formaları yaradır”.
Müsahibimiz bildirib ki, tibb texnologiyalarına çıxış imkanları fərqli olduqda — yəni zəngin və kasıb təbəqələr, şəhər və kənd əhalisi arasında — hamilə qadın ölümlərinin səviyyəsində də ciddi fərqlər yaranır: “Hamilə qadın ölümləri burada yalnız statistik göstərici deyil, həm də demoqrafik təhlükə siqnalıdır. Çünki texnogen cəmiyyət bioloji bərpa mexanizmlərini sosial və texnoloji faktorlarla əvəz etdikcə, nəsil bərpası prosesi mexanikləşir, mənəvi və mədəni dəyərlər zəifləyir”.
Ginekoloq Arzu Məhərrəmovanın dediyinə görə hamilələrin ölümlərinin əsas səbəblərindən biri yaş amilidir: “Yeniyetmələrdə hamiləlik ciddi problemlər yarada bilər. Eyni zamanda, 35 yaşdan yuxarı qadınlarda ilk hamiləlikdə də çətinliklər müşahidə olunur. Ən başlıca səbəblərdən biri eyni zamanda mövcud olan extragenital xəstəliklərdir, yəni yanaşı xəstəliklərin olmasıdır. Xüsusilə yüksək təzyiq, şəkərli diabet, müxtəlif onkoloji xəstəliklər, qan azlığı (anemiya) hamiləlik dövründə riskləri artırır. Hamilələrin ölümlərinin əsas səbəblərindən biri də vaxtında hamiləliyin qeydiyyata alınmamasıdır. Qadın hamiləlik zamanı qadın məsləhətxanasında qeydiyyata durmalıdır ki, bütün problemlər vaxtında aşkar olunsun və ciddi tədbirlər görülə bilsin”.
Həkimin fikrincə, hamilələrin ölümünün qarşısını almaq üçün düzgün yaş seçimi, qadın məsləhətxanasında vaxtında qeydiyyata durmaq və extragenital xəstəliklərdən xəbərdar olmaq vacibdir: “Adətən ölümlərə səbəb olan əsas amillərdən biri qanaxmalardır. Ona görə də vaxtında qeydiyyata alınan və qadın məsləhətxanasına mütəmadi gedən hamilələrdə bu problemlər erkən aşkar olunur və ölüm riskləri azalır. Eyni zamanda, hamilənin ətrafı da çox önəmlidir. Onun həyat yoldaşından başlayaraq, qohum-əqraba, qayınana və qayınata kimi yaxınları hamiləni həm fiziki, həm mənəvi, həm də psixoloji olaraq dəstəkləməlidir, əlavə yük yaratmamalıdır. Bəzən doğuş zamanı ana sağ qalır, lakin körpə həyatını itirir. Bu halda ana psixoloji cəhətdən sarsılır. Bu psixoloji çətinliklər necə aşıla bilər?”.
Nəzərə almaq lazımdır ki, hamilə ölümləri onların ailələri, yaxınları üçün ikiqat ağrılı olur. Bəzən isə bətndəki uşaq ölsə də, ana sağ qalır. Beləliklə, bədbəxt hadisənin travmasının aradan qaldırılması üçün ciddi zamana və psixoloji dəstəyə ehtiyac olur.
Uşaq və yeniyetmə psixoloqu Aysu Həsənovanın fikrincə, doğuş zamanı övlad itirmə bir qadının yaşaya biləcəyi ən ağır emosional yüklərdən biridir: “Burada yalnız bir can itkisi deyil, bir ana olaraq qurulan bütün ümidlərin, arzuların, gözləntilərin də itkisindən söhbət gedir. Bu, həm bioloji, həm də emosional mənada "ana" olan bir insan üçün təkcə bir travma deyil – tam mənasıyla bir yıxılmadır. Bu çətinlikləri aşmaq üçün ilk və ən vacib addım, bu ağrını normal qəbul etməkdir. Ana özünü "güclü olmaq" məcburiyyətində hiss etməməli, əksinə, ağrısını, yasını yaşamaq üçün özünə icazə verməlidir. Bu mərhələdə bəzən sadəcə birinin dinləməsi, heç nə demədən yanında olması belə şəfa ola bilər. Peşəkar psixoloji dəstək isə bəzən həyat qurtaran bir mexanizmdir. Terapiyada qadın öz yaşadıqlarını açıq şəkildə paylaşa, suçluluq hissini, boşluğu, qəzəbini və suallarını ifadə edə bilər. Bu hisslər gizləndikcə ağırlaşır, danışıldıqca isə yüngülləşir. Bəzən travmanın öhdəsindən gəlmək illər çəkə bilər, amma hər addım bir irəliləyişdir”.
Mütəxəssis hesab edir ki, cəmiyyət və ailə bir qadının bu itki qarşısında hiss etdiyi acını "tez keçəcək", "hələ gəncsən" kimi ifadələrlə kiçiltməməlidir: “Yas tutmaq, ağlamaq, tənhalığa çəkilmək və ya danışmaq istəməmək normal reaksiyalardır. Onun yanında olmaq, sadəcə var olmaq çox önəmlidir. Doğuşdan sonrakı dövrdə xəstəxanalarda psixoloqla ilkin görüş təşviq olunmalıdır. Bu, travma dərinləşmədən qadına dəstək olmaq üçün fürsətdir. Ailə, həyat yoldaşı və yaxın çevrə də psixoloji cəhətdən maarifləndirilməlidir ki, qadının nəyə ehtiyacı olduğunu anlaya bilsinlər. Bu dövrdə ananı tənha buraxmaq, ya da emosiyalarını sorğulamaq ona daha da zərər verə bilər. “Normala dönmək” üçün təzyiq göstərilməməlidir. Bəzən bu yol uzun ola bilər, amma hər kəsin şəfa tempi fərqlidir. Ona bu haqqı tanımaq şəfa prosesinin özüdür. Ana olmaq, dünyaya bir can gətirmək təkcə fiziki bir proses deyil – bu, ruhun, qəlbin, arzuların işə qarışdığı çoxqatlı bir hadisədir. Və bu qədər dərin bir itkinin acısı da dərin olur. Qadınlar bu prosesdə gücsüz deyil, sadəcə köməyə və anlayışa ehtiyacları var”.
Fatimə Nəzərli
20:45 14.10.2025
Oxunuş sayı: 2053