Vətən müharibəsinə həsr olunan filmlərin sayı artmalıdır: Qələbəmiz də zaman keçdikcə daha yaxşı dərk olunur

Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun zəfərinə həsr edilən filmlər olmalıdır və bu, cəmiyyətin gözləntilərinə uyğundur.
Kino Agentliyin Baş direktoru Rəşad Əzizov “Report”a müsahibəsində deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun zəfərinə həsr edilən filmlər olmalıdır və bu, cəmiyyətin gözləntilərinə uyğundur.
Onun sözlərinə görə, Kino Agentliyi tərəfindən dəstəklənmiş 19 film layihəsi məhz Qarabağ mövzusuna həsr olunub.
"Ümumilikdə götürdükdə isə, hazırda bu mövzunu əks etdirən bir neçə film müxtəlif istehsalat mərhələsindədir. Yaxın zamanda geniş ictimaiyətə təqdimatları gözlənilir. Bildiyiniz kimi, Kino Agentliyi birbaşa film istehsalatı ilə məşğul olmasa belə, zəfərimizə həsr olunan və çəkilməsi planlaşdırılan filmlərə hər zaman dəstək göstərməyə hazırdır".
Baş direktor onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsinə həsr olunan "44" tammetrajlı bədii filmi və "Borc" tammetrajlı bədii filminin çəkilişləri artıq bitib, layihə tamamlanma mərhələsindədir.
Rəşad Əzizov 2023-2025-ci illər ərzində Azərbaycanda sənaye sahəsi kimi film istehsalının fəallaşması nəticəsində istehsalda olan filmlərin ərsəyə gəlməsi üçün təxminən 1570 iş yeri açıldığını qeyd edib.
"2026-cı ildə isə istehsalı proqnozlaşdırılan film layihələrinin ərsəyə gəlməsi üçün 800 yeni iş yerinin açılması nəzərdə tutulur".
Məlum olduğu kimi, İkinci Qarabağ savaşından sonra bir çox sahədə yeni reallıqlar yarandı. Müharibə mədəniyyət və ədəbiyyatlarda da yeni tendensiyalara gətirib çıxardı. Artıq yeni tarix yazıldı. Bu isə bir çox sahədə, o cümlədən film sektorunda yeni gözləntilər meydana çıxarır.
Səslənən fikirlər barədə Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov Crossmedia.az-a açıqlama verib.
"Belə bir söz var ki, uca dağ məsafədən, uzaqdan daha aydın göründüyünə görə daha möhtəşəm hiss olunur. O baxımdan bizim bu qələbəmiz də zaman keçdikcə daha yaxşı dərk olunur. İnanıram ki, bundan sonra həm bədii, həm də sənədli filmlər daha geniş formada, maraqlı və müasir standartlara uyğun şəkildə çəkiləcək. Hazırda da bu istiqamətdə çəkilmiş bir çox filmlər var. Məsələn, Azərbaycan Televiziyasında hazırlanan “Göz bəbəyim” bədii filmini, eləcə də Bakı Media Mərkəzi tərəfindən çəkilən “Şuşa, sən azadsan” və “Hadrut, sən azadsan” sənədli filmlərini qeyd edə bilərik. Bundan başqa, Azərbaycan Televiziyasında “Qalib sərkərdə: tarixin izi ilə” sənədli filmi, həmçinin “Böyük Zəfər” filmi də hazırlanıb. Bu ekran əsərləri bizim tariximizin şanlı səhifələrini əks etdirir və gələcək nəsillərə bu dövrü necə yaşadığımızı göstərən bir zəfər dastanıdır.
Borcumuzdur ki, bizə bu qələbəni bəxş edən şəhidlərimiz və qazilərimiz haqqında filmlər hazırlayaq. Dövlət himnimizdə belə bir misra var: “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu.” Həqiqətən də, şəhidlərimizin və qazilərimizin hər biri bizim üçün qəhrəmandır. Hesab edirəm ki, onlar haqqında filmlər ardıcıl şəkildə çəkilməlidir. Təbii ki, müasir dövrdə texnologiya sürətlə inkişaf edir. Bu baxımdan, filmlərdə qrafik tərtibatların əlavə olunması onları daha maraqlı və baxımlı edir. Müasirliyi nəzərə alaraq filmləri həm vizual, həm də emosional baxımdan daha dolğun hazırlamaq mümkündür.
Elə sahələr var ki, orada yalnız döyüşən əsgərlər deyil, həm də başqa qəhrəman insanlar fəaliyyət göstəriblər. Məsələn, cəbhədə əsgərə qayğı göstərən həkimlər, tibb bacıları, texniki sahə işçiləri də həyatlarını təhlükəyə atıblar. Arəstə Baxışova kimi Azərbaycanın Milli Qəhrəmanları buna nümunədir. Onların hər biri haqqında da film çəkmək olar — məsələn, o dövrdə təcili yardımla çalışan bir tibb bacısının və ya təcili tibbi yardım maşınının sürücüsünün yaşadıqlarını həm öz dilindən, həm də film şəklində tamaşaçıya çatdırmaq mümkündür”.
“Mən həmin insanların danışdıqlarını dinləmişəm. İnanın ki, onların sözlərindəki həyəcan, keçirdikləri hisslər unudulmazdır. Əminəm ki, bu bədii və sənədli filmlər vasitəsilə həmin hisslər gələcək nəsillərə ötürüləcək. Necə ki, insanı onurğa sütunu ayaqda tutur, bizim millətimizi də mənəviyyat ayaqda tutur. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “İnsanı insan edən, onu vətəndaş edən onun mənəviyyatıdır.” Şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolu, onların canı və qanı bahasına əldə edilən bu zəfər gələcək nəsillər üçün gözəl bir nümunədir. Biz bu qanla yazılmış tarixi gənclərimizə ötürəcəyik — bu, həm şərəfli, həm də məsuliyyətli bir işdir.
Necə ki, mətbuatın yaranma dövründə İsmayıl bəy Qaspıralı demişdi: “Yazı yazanda qələmi mürəkkəbə yox, ürəyinizin qanına batırın. O zaman sözünüz yetəcək və daha təsirli olacaq.” İnanıram ki, əgər hazırlanan filmlərin ssenariləri də göz yaşı ilə, ürək ağrısı ilə yazılacaqsa, tamaşaçı da həmin hissləri yaşayacaq.
Yekunda demək istəyirəm ki, bu qələbə bizə zəfər göz yaşları bəxş edib. Bu göz yaşları isə xoşbəxtliyin bir damlasıdır”.
Gülbəniz Bayramova
18:37 14.10.2025
Oxunuş sayı: 4223