BP Şahdəniz kompressiya layihəsi üçün üç yeni müqavilə imzalayıb

"Şahdəniz" konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin həyata keçirilməsi üçün dənizdə görüləcək işlər üzrə üç iri müqavilənin imzalayıb.
Crossmedia.az "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, ümumi dəyəri təxminən 700 milyon ABŞ dolları olan bu müqavilələr Saipem/BOS Shelf birgə müəssisəsinə verilib.
Müqavilələr üzrə görüləcək işlərin həcminə Xəzər dənizində quraşdırılacaq 19 000 tonluq yeni qurğu olan ŞDK platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılması, təxminən 26 kilometr uzunluğunda yeni sualtı kəmərlər də daxil olmaqla ŞDK platformasını mövcud Şahdəniz infrastrukturu ilə birləşdirmək üçün nəzərdə tutulmuş sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması daxildir.
Quruda aparılacaq bütün tikinti işləri "BOS Shelf" şirkətinin idarə etdiyi Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.
Dənizdə aparılacaq tikinti və quraşdırma işləri isə Azərbaycanın iki əsas gəmisi vasitəsi ilə yerinə yetiriləcək:
"Şahdəniz" konsorsiumuna məxsus müasir texnologiyalı "Xankəndi" sualtı tikinti gəmisi;
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "İsrafil Hüseynov" borudüzən barjı. Dəyəri 29 milyon ABŞ dollarından çox olan bu müqavilə günəş panellərinin təchizatı üçündür. Bu müqavilə Trina Solar (Schweiz) AG şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb. Yeni müqavilələrin şərtlərinə əsasən hər iki gəmi Saipem tərəfindən idarə olunacaq.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham: "İrihəcmli tikinti və quraşdırma işləri üçün bu yeni müqavilələri verməklə biz ŞDK layihəsində mühüm irəliləyiş edirik. Bu müqavilələr yerli işçi qüvvəsini layihəyə cəlb etməklə ölkənin tikinti-quraşdırma sahələrindən və digər infrastrukturundan tam istifadəyə yol açır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həm quruda istehsal, həm də dənizdə quraşdırma işləri üçün beynəlxalq standartlara tam cavab verən dünya səviyyəli imkanları var. Bircə onu demək kifayətdir ki, 2026–2028-ci illərdə ŞDK layihəsi üçün ümumilikdə 3 040 ton çəkisində sualtı infrastrukturun inşa ediləcəyi və quraşdırılacağı planlaşdırılır. Bu xeyli böyük bir iş həcmidir və rəqəm olaraq gördüyümüz işlərin miqyas və məramını çox aydın əks etdirir. Bu mühüm müqavilələrin bağlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm."
Planlaşdırılır ki, dənizdə aparılacaq işlər 2026-cı ilin üçüncü rübündə dənizdibi payaların quraşdırılması ilə başlayacaq və 2029-cu ildə başa çatacaq.
14:28 14.10.2025
Oxunuş sayı: 1236