Gürcüstan Milli Bankının nümayəndələri təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfər edib

Gürcüstan Respublikasının Milli Bankının
(GMB) nümayəndə heyəti Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) təcrübə
mübadiləsi məqsədilə səfər edib.
Crossmedia.az xəbər
verir ki, səfərin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsində
ölkələrin maliyyə sahəsində tənzimləyici qurumları arasında peşəkar dialoqun
genişləndirilməsindən ibarət olub.
Görüş zamanı GMB nümayəndə heyəti beynəlxalq
maliyyə təşkilatları tərəfindən buraxılan istiqrazların qeydiyyatı və
emissiyasının tənzimlənmə çərçivəsi, həmçinin qiymətli kağızların ticarəti,
depozitar və ticarətsonrası sistemin fəaliyyəti və digər mühüm mövzular üzrə
təmsil etdikləri qurumun təcrübəsini bölüşüb. Bundan əlavə, beynəlxalq maliyyə
təşkilatları tərəfindən yerli valyutada buraxılan istiqrazların daxili maliyyə
bazarları üçün potensial əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu səfər cari ilin mart
ayında AMB ilə GMB arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil
olunub. Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank
nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində
əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Memorandum çərçivəsində təcrübə
və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi,
texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli
səfərlərin təşkili də nəzərdə tutulub.
21:35 24.09.2025
Oxunuş sayı: 837