10 noyabr sazişi öz qüvvəsini itirib: Rusiya regiondan sıxışdırılır - Siyasətçi

Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci
ildə imzalanmış üçtərəfli bəyanatdan çıxdığını elan edib. Həmin sənəd 44 günlük
müharibəni dayandıran və regionda yeni reallıqların əsasını qoyan mühüm siyasi
razılaşma idi. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir
Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan bu bəyanat,
əsasən, atəşkəsin təmin olunmasını, sülhməramlı kontingentin bölgəyə yerləşdirilməsini,
kommunikasiyaların açılmasını və qaçqınların geri qayıtmasını ehtiva edirdi.
Son illərdə Kreml davamlı olaraq bu bəyanata
istinad edir, Cənubi Qafqazda vasitəçi rolunu əsaslandırmaq üçün onu əsas
hüquqi sənəd kimi göstərirdi. İndi isə Ermənistan tərəfinin sənəddən çıxdığını
bəyan etməsi Moskvanın həm regiondakı nüfuzuna, həm də sülhməramlı missiyanın
legitimliyinə ciddi zərbə vurur. Bu addım həm Ermənistan–Rusiya münasibətlərindəki
gərginliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir, həm də Qərblə yaxınlaşmağa
çalışan Paşinyan hökumətinin Moskvanı proseslərdən kənarda qoymaq niyyətini
açıq şəkildə nümayiş etdirir. Bu halda Kremlin raksiyası necə olacaq?
Mövzu ilə bağlı Azərbaycan
Respublikasının Milli Məclisinin 4 çağırış (III, IV, V və VI) deputatı, iqtisad
elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib:
“Hüquqi və beynəlxalq terminologiyada 2 söz var: " de-fakto" və
"de-yure". Artıq demək olar ki, həm "de-fakto, həm də
"de-yure" 10 noyabr sazişi öz qüvvəsini itirib. Çünki orada əks
olunan bir çox məsələ həll olunub, qalan məsələlər də həll olunmalıdır. Bunu
Ermənistan boynuna götürüb. Amma orada Rusiyanın təsiri tamamilə itir. Digər
bir tərəfdən, avqustun səkkizində ABŞ-də Ağ Ev rəhbəri Donald Trampın iştirakı
ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Nikol Paşinyan arasında
imzalana sənəd yeni reallıqlar yaradır. Yəni
Zəngəzur dəhlizinin açılmasında ABŞ-nin nəhəng kompaniyalarının iştirakı tamamilə 10
noyabr sazişinə ziddir. Sülh sazişi mətninin paraflanması o deməkdir ki, artıq
bu barədə razılaşma var. Əvvəlcə sülh müqaviləsi imzalanmalı, Ermənistan öz
konstitusiyasında ərazi iddialarını yığışdırmalıdır. Təbii ki, 10 noyabr sazişi
öz qüvvəsini itirmiş kimi qəbul etmək olar. Ermənistan bu addımı atdı. Artıq
yeni saziş və perspektivlər , beynəlxalq və hüquqi müstəvidə olan danışıqların
nəticəsi var. Ona görə də, Ermənistan bunnan uzaqlaşdı. Təbii ki, Kremlin
reaksiyası müsbət olmayacaq. Çünki Cənubi Qafqazda öz təsir gücünü itirir,
iqtisadi problemləri yaranır”.
O bildirib ki, Moskva Bakı və İrəvan üzərindəki
təsir imkanlarını artıq itirir: “İqtisadi tərəfdən Ermənistan daha çox
Rusiyadan asılıdır. Ermənistan iqtisadiyyatının 40 faizdən çoxu Rusiyanın özəl
kompaniyalarına məxsusdur. Heç kim yaddan çıxarmamalıdır ki, bu gün Ermənistanın
yeganə beynəlxalq, iqtisadi çıxışı yalnız Gürcüstan və Rusiyadır. İqtisadi tərəfdən
baxdıqda Ermənistanın idxal və ixracı da Rusiya vasitəsilədir. Artıq mühüm məsələlərdə
Ermənistana Qərb kömək edəcək. Buna baxmayaraq, İrəvan çalışır ki, Moskva ilə
münasibətlərini pozmasın. Bunun səbəbləri sadaladıqlarımdır. Rusiya son
zamanlar Gümrüdəki hərbi bazasında silah- sursatlarını və hərbçilərinin sayını
artırr. Düzü, onların çoxu etnik olaraq erməni zabit və əsgərlərdir, amma birbaşa
Rusiyaya tabe olan hərbi kontingentdir”.
Professoru sözlərinə görə, bu gün Cənubi Qafqazda ümumi trend onu göstərir ki, Azərbaycan Ermənistan və Gürcüstan öz iqtisadi inkişafını daha çox müstəqil formada aparmağa çalışırlar: “Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycan regionun lideridir. Yəni Azərbaycanın regiondakı iqtisadi payı 75 faizə bərabərdir. Bunlar hamısı onu göstərir ki, Azərbaycan üçün öz müstəqil siyasətini istər iqtisadi, istər siyasi , istər beynəlxalq mənada həyata keçirmək rahatdır.
Ermənistanın digər problemi ondadır ki,
onun Avropada, ABŞ-də çox güclü və varlı diasporu var. Onlar da çox güclü təsir
göstərir. Çünki maliyyə cəhətdən Ermənistana kömək edirlər. Düzü, indi vəziyyət
əvvəlki kimi deyil, amma hər halda təsir imkanları qorunur. Gürcüstanın
problemi odur ki, Rusiyada böyük
diasporu var və oradakı gürcülər çox ciddi təsir imkanlarına malikdir. Azərbaycanın son on illərdə keçirdiyi
qlobal siyasətin nəticəsində isə biz öz
müstəqil yolumuzu gedirik. Təbii ki, milli maraqlar üstün tutulur. Cənab
Rrezidentin siyasətinin belə demək mümkünsə, döyünən ürəyi budur. Sadəcə olaraq
biz bütün ölkələrlə , o cümlədən, Rusiya ilə münasibətləri saxlamaq istəyirik.
Bu, bütün ölkələrə , həmçinin Azərbaycana da sərf edir. Azərbaycanın siyasətinin
əsas səciyyəvi xüsusiyyəti ham ilə normal münasibətlər qurmağa çalışmasıdır”.
Səbiyyə Zayirova
12:48 03.09.2025
Oxunuş sayı: 1752
