Rusif Hüseynov: Azərbaycan Ermənistanla ikitərəfli qarşılıqlı fəaliyyət formatının tərəfdarıdır
Regionun müharibədən sonrakı rekonfiqurasiyası şəraitində Bakı İrəvanla birbaşa ikitərəfli qarşılıqlı fəaliyyətə üstünlük verir.
Crossmedia.az xəbər verir ki, bu barədə Topçubaşov Mərkəzinin direktoru, siyasi şərhçi Rusif Hüseynov "İrəvan dialoqu - 2026" beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər sülh prosesi, sərhədlərin demarkasiyası, nəqliyyat əlaqələrinin və ticarətin inkişafı da daxil olmaqla bir neçə əsas istiqamət üzrə irəliləyirlər: "Gördüyümüz kimi, ikitərəfli format çox məhsuldar oldu və nəzərəçarpacaq nəticələr verdi".
R.Hüseynov həmçinin deyib ki, Avropa İttifaqının (Aİ) Ermənistan və Azərbaycanda ayrı-ayrı infrastruktur layihələrində iştirakı müzakirə olunur. Onun sözlərinə görə, Bakı bu cür təşəbbüsü Cənubi Qafqazın bütün ölkələri üçün faydalı olması və regionda yeni bölgü xətlərinə gətirib çıxarmaması şərti ilə dəstəkləyib.
Ekspert qeyd edib ki, Azərbaycan tərəfindən üçüncü ölkələrdən Ermənistana yüklərin tranzitinə qoyulmuş embarqonun ləğvi və ölkəsindən ayrı-ayrı neft məhsullarının ixracının başlanması fonunda iki dövlət arasında bu iqtisadi qarşılıqlı fəaliyyətin hüquqi əsası və institusionallaşdırılması məsələsi ortaya çıxır.
"Hazırda biz sülh müqaviləsinin olmamasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında müəyyən ticarət və iqtisadi əlaqələri müşahidə edirik. Lakin nə qədər irəli getsək, tərəflərə bir o qədər müəyyən hüquqi çərçivələr və diplomatik mexanizmlər lazım olacaq. Bilirəm ki, hər iki tərəfin rəsmi şəxsləri gələcək ticarət üçün mümkün malların siyahılarını mübadilə edirlər", - o vurğulayıb.
Bununla yanaşı, politoloq ATƏT-in Minsk qrupunun Azərbaycana ziyan vuran fəaliyyətini tənqid edib.(Report)
19:38 05.05.2026
Oxunuş sayı: 49