Bakı ilə Roma arasında güclənən xətt - Bu əməkdaşlıq Avropada Azərbaycanın rolunu necə dəyişir?
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığın dərinliyi və çoxşaxəliliyi ölkələrin strateji mövqeyini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu baxımdan, Azərbaycan ilə Avropa ölkələri arasında qurulan əlaqələr içərisində İtaliya ilə münasibətlər xüsusi seçilir.
Enerji, iqtisadiyyat və sənaye sahələrində formalaşan bu tərəfdaşlıq təkcə mövcud əməkdaşlıq çərçivəsini deyil, həm də gələcək üçün geniş perspektivləri özündə ehtiva edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
"İtaliya-Azərbaycan münasibətləri Azərbaycanla Avropa İttifaqı ölkələri arasında qurulan əlaqələr içərisində ən ön sıralarda yer alır. Bunun əsas səbəbi iki ölkə arasında həm enerji mübadiləsinin genişliyi, həm də Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi layihəsinin Adriatik dənizini keçərək məhz İtaliyada yekunlaşmasıdır. Bu amil İtaliya-Azərbaycan münasibətlərinə xüsusi strateji əhəmiyyət qazandırır.
Eyni zamanda, İtaliya Avropada kimya sənayesi üzrə ən inkişaf etmiş ölkələrdən biridir. Bu baxımdan, iki ölkə arasında neft, neft məhsulları və kimya sənayesi sahələrində də mühüm əməkdaşlıq mövcuddur.

Bununla yanaşı, İtaliya şirkətləri Azərbaycanda aktiv fəaliyyət göstərir və qarşılıqlı sərmayə mühiti hər iki tərəfdən yüksək qiymətləndirilir.
İtaliyanın Baş naziri xanım Meloninin Azərbaycana səfəri zamanı bu münasibətlərin daha da dərinləşdirilməsi məsələləri geniş şəkildə müzakirə olunmuşdur. Görüşlər çərçivəsində həm siyasi, həm də iqtisadi əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olmuşdur.
Lakin burada, xüsusilə önə çıxan məsələ ticarət və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi olmuşdur.
Müasir dövrdə hərbi sənaye və təhlükəsizlik məsələləri qlobal miqyasda böyük iqtisadi sahəni əhatə edir.
Bu kontekstdə, qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın müzakirə olunması iki ölkə arasında yeni tərəfdaşlıq sahələrinin formalaşdığını göstərir. Bu isə öz növbəsində İtaliya-Azərbaycan münasibətlərinin geniş perspektivə malik olduğunu bir daha təsdiqləyir”.
Ayhan
11:20 05.05.2026
Oxunuş sayı: 154