Azərbaycan bu gün ABŞ üçün strateji baxımdan cəlbedici bir tərəfdaşa çevrilə bilib - Komitə sədri

"ABŞ Prezidenti Donald Tramp həqiqətən Nobel Sülh Mükafatına layiqdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
“O, həqiqətən buna layiqdir. Vaşinqtonda şərhlərimdə də qeyd etdiyim kimi, o, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır. Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub” - deyə ölkə başçısı qeyd edib.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkə başçısının ABŞ Prezidenti Donald Tramp barədə söylədiyi fikirlər həm siyasi istiqamətin aydınlığını, həm də gələcəyə dair dəqiq proqnozlar verə bilmə bacarığını nümayiş etdirdiyini qeyd edib: "Əslində, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp barədə söylədiyi fikirlər həm siyasi istiqamətin aydınlığını, həm də gələcəyə dair dəqiq proqnozlar verə bilmə bacarığını nümayiş etdirir. O, bir çoxlarının vaxtında söyləyə və ya proqnozlaşdıra bilmədiyi məqamları qabaqcadan görərək bu məsələdə mühüm nailiyyət əldə etdi.
ABŞ paytaxtında Ermənistanla sülh müqaviləsinin bütün şərtlərinin paraflanması göstərdi ki, Azərbaycan bu gün ABŞ üçün strateji baxımdan cəlbedici bir tərəfdaşa çevrilə bilib. Bu uğur ölkəmizin çevik və uzaqgörən diplomatiyasının nəticəsidir. Otuz illik müharibəyə real şəkildə son qoymaq üçün atılan bu tarixi addım gələcək nəsillərin rifahına xidmət etməli idi və Prezident İlham Əliyev də bunu reallığa çevirməyi bacardı".
Deputat həmçinin Donald Trampın Azərbaycan-Ermənistan münaqişəsinə son qoyan şəxs kimi beynəlxalq səviyyədə yüksək mükafata layiq görülməsini tamamilə təbii və normal qəbul ediləcəyini bildirib.
"Fikrimcə, bu, son dərəcə doğru və əsaslı bir mövqedir. Əgər bu məsələlər uğurla başa çatdırılarsa, Donald Trampın da Azərbaycan-Ermənistan münaqişəsinə son qoyan şəxs kimi beynəlxalq səviyyədə yüksək mükafata layiq görülməsi tamamilə təbii və normal qəbul ediləcək" - deyə o bildirib.
Elmir Heydərli
15:24 28.08.2025
Oxunuş sayı: 1193