Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir"

"Ferentsvaroş" çox təhlükəli rəqibdir.
Crossmedia.az xəbər verir ki, bunu "Qarabağ"ın baş
məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində
"Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə
mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını
söyləyib:
"Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı
olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. "Ferentsvaroş"
çox təhlükəli rəqibdir. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub. Meydanda
bacardığımız etməyə çalışacağıq. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm
azarkeşlər həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa,
həm də nəticə qazanmağa çalışacağıq".
O, psixoloji hazırlığı qabardıb:
"Psixoloji durum vacib detaldır. Futbolçular psixoloji
cəhətdən hazır olmalıdırlar. Oyundankənar fikirlərə önəm versək, bu, bizə mane
olacaq. Futbolçulara inamım var. Azarkeşlərimiz elə səviyyədədir ki, onlara
ancaq təşəkkür edə bilərəm. Hətta az sayda olanda belə, həmişə onlara təşəkkür
etmişəm".
Q.Qurbanov qarşılaşmanın fransalı baş hakimi Kleman Tyurpenlə
bağlı fikirlərini də bölüşüb:
"Fransalı referinin təyinatı ilə bağlı narazılığım
yoxdur. Azərbaycana belə bir hakimin gəlməsi UEFA-nın ciddiliyini, matça
verdiyi önəmi göstərir. Hazırda hakimlik elə bir səviyyədədir ki, fikrimizi
yayındırmağa ehtiyac yoxdur".
Mütəxəssis rəqibin baş məşqçisinin komandanın oyun sistemində
dəyişiklik etdiyini vurğulayıb:
"Robbi Kinin təyinatı əlavə motivasiyadır. Rəqib əvvəllər
fərqli sistemlə oynayırdı. Hansı "Ferentsvaroş"un daha güclü olduğunu
müqayisə etmək istəməzdim. Çünki köklü klubdur və sabah qarşımıza güclü
kollektiv çıxacağını düşünürəm".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş"
matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında
Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
23:05 26.08.2025
Oxunuş sayı: 770