Suriya və İsrail arasında Colan təpələri danışıqları – su hövzələri yenə əsas mübahisə predmetidir

Yaxın Şərqdə uzun illər davam edən siyasi gərginlik və təhlükəsizlik problemləri fonunda Suriya və İsrail arasında aparılan danışıqlar xüsusi diqqət çəkir. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bildirib ki, iki ölkənin nümayəndə heyətləri təhlükəsizlik tədbirlərinə dair ikitərəfli sazişin hazırlanması istiqamətində müəyyən irəliləyiş əldə ediblər. Danışıqların əsasını 1974-cü ildə Colan təpələrində müəyyən edilmiş ayırma xəttinə qayıdış prinsipi təşkil edir. Bu proses təkcə iki ölkə arasında münasibətləri deyil, həm də bütövlükdə Yaxın Şərqdə sülh, sabitlik və iqtisadi inteqrasiya perspektivlərini irəlilədə bilər.
Crossmedia.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Suriya və İsrail arasında davam edən münaqişənin kökündə hələ də İsrailin işğalı altında qalan Colan təpələri və Suriyanın mühüm su hövzələrinin İsrail nəzarətində olması dayanır. “İsrail tərəfi uzun illər bu məsələni Bəşər Əsəd hakimiyyətdə olduğu dönəmdə qabardırdı. İsrail bildirirdi ki, Əsəd rejimi İrana dəstək verir və buna görə də Suriyanın milli təhlükəsizliyi üçün Colan təpələrini işğalda saxlayır. Yəni, Suriyadakı rejim dəyişdikdən sonra bu ərazilərin azad edilə biləcəyi vurğulanırdı,” – deyə Əmrəliyev əlavə edib.
Hazırda Suriyada Əhməd Əl Şaraanın rəhbərlik etdiyi hökumət İsraildən tələb edir ki, işğal altındakı əraziləri boşaltsın. Çünki Əsəd rejimi artıq hakimiyyətdən gedib və rəsmi Dəməşqin İranla hər hansı müttəfiqlik münasibətləri yoxdur. Bu isə İsraildən öhdəlik tələb edir.
Amma İsrail buna qarşı çıxır. Onlar hesab edir ki, Suriyanın hazırkı hökuməti İsrailə qarşı sinsi siyasət yürüdür və ölkədə İsrailə xoş münasibət göstərməyən qüvvələrin möhkəmlənməsinə şərait yaradır. Burada əsasən Türkiyə və bəzi ərəb ölkələri nəzərdə tutulur, çünki Əl Şaraa hökuməti Türkiyənin müttəfiqi sayılır. Bu isə İsraildəki Netanyahunun hökuməti ilə Suriyada yaranan münasibətləri gərginləşdirir.
Politoloq vurğulayır ki, münaqişənin ən ədalətli həlli İsrailin Suriyanın işğal edilmiş torpaqlarından çəkilməsi, su hövzələrinin yenidən rəsmi Dəməşqə təhvil verilməsi və Colan təpələrinin Suriyaya qaytarılmasıdır. Lakin görünən odur ki, İsrail buna hazır deyil.
“Burada əsas məsələ su hövzələridir. Həm Colan təpələri, həm də ətrafındakı su resursları İsrail üçün həyati əhəmiyyət daşıyır. Bu, həm Fələstin ərazilərində, xüsusilə İordan çayı sahilində su təminatını yaxşılaşdırır, həm də İsrailin Cənub-Şərq bölgəsində su təhlükəsizliyini təmin edir. Yaxın Şərqdə su problemi həmişə ən kritik məsələ olub və münaqişələrin əsas səbəbi torpaq deyil, məhz su üzərində cərəyan edir. Bu səbəbdən mən İsrailin yaxın gələcəkdə bu əraziləri azad edəcəyini gözləmirəm. Əgər Colan təpələri geri qaytarılmasa, bölgədə toqquşmalar davam edəcək,” – deyə Zeynal Əmrəliyev bildirib.
Mehriban Yariyeva
17:35 25.08.2025
Oxunuş sayı: 1034