Otellərdə qiymət baha, keyfiyyət aşağı: "Azərbaycanda ancaq kababxana turizmi var"

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, Bakıda hotel və mehmanxanaların doluluq səviyyəsi hazırda 15–20% civarındadır. Onun sözlərinə görə, turist axını əsasən Rusiyadan, MDB ölkələrindən və İsraildən azalıb, ərəb ölkələrindən gələn turistlər isə yetərsizdir. Kiçik və orta hotellər ən çox əziyyət çəkir, qısa müddətli mənzil icarəsi bazarı isə əlavə rəqabət yaradıb. S.Dübəndi daxili turizmi dəstəkləmək, yeni xarici bazarlara yönəlmək və turizm üçün cəlbedici təkliflər hazırlamağın vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni turizm inkişaf strategiyası hazırlanmalıdır ki, sektorun dayanıqlığı və ölkənin brend imici güclənsin.
Bakıda və bölgələrdə hotellərin aşağı doluluğu turizm sektorunun mövsümi asılılığını və xarici bazarlara bağlılığını açıq göstərir. Kiçik və orta müəssisələrin vəziyyəti isə rəqabət və qısa müddətli kirayə bazarının təsiri ilə daha da çətinləşir. Yeni strategiya və cəlbedici təkliflər hazırlanmasa, sektorun davamlı inkişafı çətin olacaq.
Mövzu ilə bağlı Ağ partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib.
O, turizm sahəsində dövlət proqramının təmin olunmasının vacibliyini bildirib: “Turizm çox ciddi məsələdir. Azərbaycanda bu sahə xüsusi bir konsepsiya və plan üzrə inkişaf etmir. Daha çox özfəaliyyət, şəxsi təşəbbüslər, özəl bizneslərin hansısa xırda-xırda təşəbbüsləri sayəsində turizm nəsə inkişaf edir. Düşünürəm ki, bununla bağlı dövlət proqramı qəbul olunmalıdır. Azərbaycanda ancaq restoran, kababxana turizmi var. Yəni turist gəlsin, kabab yesin, Bakıda “Tarqovı” dediyimiz Nizami küçəsində gəzin vəssalam, çıxsın, getsin. Bu strategiya ilə turist cəlb etmək olmaz. Turizmin müxtəlif şaxələri var: dağ turizmi, ekstremal turizm, idman növləri turizmi, tibbi turizm. Həmçinin tarixi abidələr zəminində turistik sahələr təşkil etmək olar. Xarici vətəndaş Azərbaycana niyə gəlsin? Bax, haradan gəlsin, nə görsün, necə görsün? Düşünmürəm ki, Azərbaycandakı qiymətlər ümumi hazırkı dünya tendensiyasından daha bahadır. Düzdür, bəzi otellərimizdə qiymətlər kifayət qədər yüksəkdir. Bu əsasən dördulduzlu, beşulduzlu otellərdir. Üstəlik, Azərbaycana biletlər də bahadır. Quru sərhədləri də bağlıdır. Təbii ki, belə zamanda bunların hamısı turizmin, turistlərin gəlməsinin azalmasına səbəb olacaq".
O, həmçinin müvafiq qurumlardan barədə də danışıb: "Sonuncu dəfə nə vaxtsa, hansısa aidiyyəti qurumun, Nazirliyin Azərbaycanı beynəlxalq aləmdə tanıtması və turistlərin cəlb edilməsi üçün bir proqram, layihə təşkil etdiyini eşitmisinizm, görmüsünüzmü? Hərşənd hansısa kənd turizmi ola bilər. Məsələn, kəndlərdə kiçik bir proqram çərçivəsində hər bir kəndliyə müəyyən subsidiya ayrıla bilər, hərəsi öz həyətində balaca bir turist otağı düzəldə bilər. Və orada turistləri rahat qəbul etmək mümkündür. Ümumiyyətlə, bu çox geniş sahədir. Bütün səbəblərin başında dövlət proqramının olmaması durur. Hazırda turizm şəxsi, həmçinin turist agentliklərinin təşəbbüsü ilə inkişaf edir. Gələnlər də təbii ki, bəzən aldatmalarla qarşılaşırlar — restoranlarda, taksilərdə. Düzdür, indi Bakıda müxtəlif taksi şirkətləri olduğu üçün turistlər daha çox onlardan istifadə edirlər. Amma restoranlarda, böyük otellərdə bir oteldə bir şiş kababı turistlərə 80 manata satmışdılar. Adi bir “Sirab”ı 11 manata satanda, təbii ki, turist bir gələrsə, bir də gəlməz".
Müsahibimizin sözlərinə görə, dövlət proqramının qəbul olunması zərurətdir: " Bir istiqamət seçilməlidir — biz hansı turistlərin Azərbaycana cəlb edilməsinə maraqlıyıq, onlar hansı məqsədlə gələ bilər, maraq dairələri nədir? Turizm, ümumiyyətlə, çox gəlirli və üzərində işlənməli olan bir sahədir. Sadəcə, bizim iqtisadiyyatımız neft satışı üzərində qurulduğu üçün bir mənada iqtisadiyyatımız tənbəl iqtisadiyyat olub. Yəni hər şey neftdən asılıdır: neft çıxarırıq, satırıq və büdcə gəlirlərini neftdən formalaşdırırıq. Otellər də qiymət siyasətinə bir daha baxmalıdır. Məsələn, ilin müxtəlif fəsillərində müxtəlif qiymət strategiyaları tətbiq edilməlidir. Quru sərhədlər açılmalıdır. Azərbaycana uçuşların qiyməti kifayət qədər aşağı salınmalıdır. O zaman, bəlkə, turist sayı arta bilər. Statistikaya görə, Azərbaycana bir ildə 1 milyon – 1,5 milyon turist gəlir. Amma Gürcüstana 5–6 milyon civarında turist gəlir. Gürcüstan və Azərbaycan demək olar ki, təbiət baxımından eynidir, eyni regionda yerləşir. Odur ki, düşünmək lazımdır: necə olur ki, Gürcüstana hər il Azərbaycandan iki dəfə daha çox turist gəlir? Amma onu nə siz, nə biz düzəltməliyik Bu sahə üzrə işləyən nazirlik var. Dövlət proqramı qəbul olunmalı, təkliflər hazırlanmalı və həmin təkliflər əsasında sahə inkişaf etdirilməlidir”.
Nicat Rüstəmzadə
12:33 15.08.2025
Oxunuş sayı: 1331