AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə 419 271 bilet əldə edilib.
Crossmedia.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki,
bu il bilet satışı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Ötən ilin yanvar-iyul aylarında qabaqcadan satış üzrə biletlərin
xüsusi çəkisi 17,5 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4 %-ə çatıb.
Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır
və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat
vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma
sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına
çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri
tövsiyə olunur.
Qeyd edək ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən
işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına
buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
09:43 12.08.2025
Oxunuş sayı: 1542