Tramp Hindistanı sıxışdırır: Tarif siyasəti nə ilə nəticələnəcək?

ABŞ Prezidenti Donald Tramp Hindistana tətbiq edilən tarif vergisini artırmaq qərarına gəlib. Tramp bu barədə özünün “Truth Social” hesabında məlumat verib.
Onun sözlərinə görə, Hindistan sadəcə böyük həcmdə Rusiya nefti almaqla kifayətlənmir, həm də aldıqdan sonra neftin bir hissəsini açıq bazarda satır və Ukraynada öldürülən insanların taleyinə məhəl qoymur. Tramp tarif vergisinin nə qədər artırılacağını deməsə də, bu verginin əhəmiyyətli həddə yüksəldiləcəyini bəyan edib.
Ağ Ev rəhbərinin bu addımı barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Çin və Hindistan Rusiyanın Qərb sanksiyalarından yayınmasına kömək edir:“ABŞ isə Hindistanı özünə yaxın dövlət hesab edir. Pakistanla qarşıdurmada da ABŞ Hindistana dəstək verib. Buna baxmayaraq, Hindistan Rusiya ilə əməkdaşlığını davam etdirir. Trampın son açıqlaması Rusiyanın tərəfdaş ölkələrinə qarşı sərt iqtisadi tədbirlər görmək niyyətində olduğunu göstərir. Hindistanın buna necə reaksiya verəcəyi yaxın zamanda bəlli olacaq. Çin məsələsində ABŞ-nin təsiri az ola bilər. Amma Hindistanın fərqli yanaşma sərgiləməsi mümkündür. Çünki Hindistanın əsas iqtisadi və siyasi tərəfdaşları Qərb ölkələridir, xüsusilə də ABŞ. Rusiya və Çinlə də əlaqələri var, lakin Hindistan çoxşaxəli xarici siyasət yürüdür.”
Politoloq əlavə edib ki, Hindistanın maliyyə sistemi də Qərb institutları ilə sıx bağlıdır: “Hindistanın bank sistemi İngiltərə bank sisteminə inteqrasiya olunub. Hətta bəzi hallarda Hindistanın maliyyə məhkəmələrinin cavabdehliyi Londonda yerləşən qurumlara tabedir. Bu da o deməkdir ki, Hindistan Çindən fərqli olaraq ABŞ-yə qarşı daha az müqavimət göstərə bilər. Lakin ABŞ-nin digər ölkələri öz siyasi xəttinə uyğun şəkildə hərəkət etdirməsi asan məsələ deyil. Bu gün hansı ölkə ABŞ-la razılaşacaq, hansı ölkə isə əksinə, ABŞ-dan istifadə edib Rusiya və Çinlə daha sıx əməkdaşlığa can atacaq – bunu zaman göstərəcək.”
Ekspertin fikrincə, Hindistanın beynəlxalq çəkisi artmaqdadır: “Hindistan artıq əhali baxımından dünyanın ən böyük ölkəsidir. Çin geridə qalıb. Hətta iqtisadi göstəricilərdə də Hindistan Britaniyanı keçib. Bu, Hindistan üçün tarixi uğurdur. Çünki bir vaxtlar Britaniyanın müstəmləkəsi olmuş bir ölkənin onu keçməsi simvolik baxımdan da əhəmiyyətlidir. Hindistan güclü potensiala malik olsa da, daxili sosial problemlər bu ölkənin zəif nöqtəsidir. Böyük ərazisi, nüvə silahları və sərmayə imkanları olan bir ölkə olsa da, Hindistanda milyonlarla insan səfalət içində yaşayır. Bu da ölkənin daxili siyasətində balanslı qərarlar qəbul etməsini zəruri edir.”
Mehriban Yariyeva
19:20 05.08.2025
Oxunuş sayı: 1043