Deputat: "Ermənistanla ortaq layihələrin həyata keçirilməsi mümkündür" -MÜSAHİBƏ

Deputatlar bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ictimai rəydə daim gündəmdə olan personalardandırlar. Bunu nəzərə alaraq Milli Məclisin deputatları ilə silsilə müsahibələrimizi davam etdiririk. Bu dəfəki müsahibimiz Milli Məclisin Məədniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyevədir. O, həm xarici, həm də daxili siyasətlə bağlı suallarımızı cavablandırdı:
– Ülviyyə xanım, dünyanın xaosa sürükləndiyi bir dövrdə Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət hansı üstünlükləri vəd edir?
– Bu gün dünya dərin geosiyasi böhranlar, iqtisadi qeyri-müəyyənlik və təhlükəsizlik riskləri ilə üz-üzədir. Belə bir şəraitdə Azərbaycanın həyata keçirdiyi balanslı və çoxşaxəli xarici siyasət milli təhlükəsizliyimizin, iqtisadi maraqlarımızın və suverenliyimizin təminatçısı rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən bu siyasət nəticəsində Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmadan, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini formalaşdıra bilib. Eyni zamanda regionda sabitliyin qorunmasına, əməkdaşlıq mühitinin möhkəmlənməsinə və yeni imkanların yaranmasına şərait yaradır. Bu siyasət müstəqil dövlətçilik kursumuzun davamlılığının və uğurlu gələcəyimizin əsas dayaqlarındandır.
– Rusiya ilə Azərbaycan arasında münasibətlərin mövcud səviyyəsini necə qiymətləndirirsiniz?
– Azərbaycan-Rusiya münasibətləri zamanın və regionun sınağından keçmiş çoxşaxəli tərəfdaşlıq modelidir. Müstəqillik əldə olunduqdan sonra bu münasibətlər qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu əməkdaşlığa əsaslanmışdır. Lakin son dövrlərdə – yaşanan hadisələr – bizi ciddi şəkildə narahat edir. Milli zəmində ayrı-seçkilik, etnik mənsubiyyətə görə təzyiq və hüquqların pozulması yolverilməzdir. Bu, həm insan haqlarına, həm də beynəlxalq hüququn prinsiplərinə ziddir. Azərbaycan dövləti bu məsələləri diqqətlə izləyir və Rusiya qarşısında öz vətəndaşlarının hüquqlarının qorunması üçün müvafiq kanallarla məsələ qaldırılır.
Azərbaycan xalqı tolerant və multikultural dəyərləri ilə tanınır və biz eyni münasibəti soydaşlarımıza qarşı da görmək istəyirik. Bu, həm diplomatik, həm də insani baxımdan tamamilə haqlı və prinsipial mövqedir.
– Ermənistanla sülh danışıqlarının növbəti mərhələsi kimi BƏƏ-də keçirilən görüşlərdən sonra sülh sazişi ilə bağlı ümidlər artıb. Siz bu prosesi necə qiymətləndirirsiniz?
– Sülh danışıqları Azərbaycanın regional sabitlik və təhlükəsizlik naminə göstərdiyi siyasi iradənin bariz nümunəsidir. BƏƏ-də keçirilən görüşlər tərəflər arasında dialoqun davam etdirilməsinə imkan yaradır və prosesə yeni impuls verir. Təbii ki, belə mürəkkəb və dərin kökləri olan bir münaqişənin bir neçə görüşlə tam həll olunması mümkün deyil. Lakin əgər qarşı tərəf də eyni konstruktiv iradəni nümayiş etdirərsə, beynəlxalq vasitəçilərin dəstəyi ilə yaxın gələcəkdə sülh sazişinin imzalanması real görünür. Burada əsas məsələ Ermənistanın revanşist ritorikasından imtina etməsi və regionda uzunmüddətli sülhün təmininə yönəlik konkret addımlar atmasıdır.
– Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri dünya ictimaiyyətinin də diqqətindədir. Bu prosesin Azərbaycan üçün və dünya üçün verdiyi mesaj nədir?
– Qarabağın dirçəldilməsi Azərbaycanın ədalətli mövqeyinin və qətiyyətli siyasətinin təntənəsidir. Bu, təkcə bərpa prosesi deyil, həm də mənəvi qayıdışın, milli ruhun yenidən doğuluşudur. Azərbaycan bu torpaqlarda həyatın tam mənada bərpasını təmin etməklə dünyaya göstərir ki, münaqişələr sülh yolu ilə və beynəlxalq hüquqa əsaslanaraq həll oluna bilər. Eyni zamanda Qarabağda həyata keçirilən “ağıllı kənd”, “yaşıl enerji zonası”, infrastrukturlar və mədəni irsin bərpası layihələri XXI əsrin post-münaqişə modelini ortaya qoyur. Bu, yalnız regional deyil, qlobal miqyasda da unikal bir nümunədir.
– Siz həm də tanınmış rəssamsınız. Necə düşünürsünüz, Vətən və Qarabağ mövzusu rəssamlarımızın yaradıcılığında yetərincə yer alırmı?
– Bu mövzu rəssamlarımız üçün həmişə xüsusi önəm daşıyıb. Lakin 44 günlük müharibədən sonra bu mövzuya münasibət daha da dərinləşdi. Hesab edirəm ki, bu istiqamətdə daha çox əsərlər yaradılmalıdır. Təkcə klassik yanaşmalarla deyil, müasir vizual sənətin imkanlarından da istifadə edilməlidir. Qarabağın dağıdılmış şəhər və kəndləri, qəhrəmanlıq tariximiz, şəhidlərimizin xatirəsi və xalqımızın sarsılmaz iradəsi sənətdə əbədiləşdirilməlidir. Bu, yalnız estetik məsələ deyil – milli yaddaşın və tarixi həqiqətin qorunması baxımından da mühüm vəzifədir.
– Bəs sizin şəxsi yaradıcılığınızda bu mövzu hansı yeri tutur?
– Vətən və Qarabağ mövzusu yaradıcılığımın mərkəzində dayanır. Bu, mənim üçün yalnız sənət deyil, həm də borcdur – vətəndaşlıq və vicdan borcudur. Əsərlərimdə Qarabağın yaralı ruhunu, xalqımızın əzmini və qələbənin gətirdiyi ümidi əks etdirməyə çalışıram. Hər bir fırça toxunuşunda azadlığın, mübarizənin və dirçəlişin enerjisi var. Sənət vasitəsilə bu emosiyanı həm milli auditoriyaya, həm də beynəlxalq sənət məkanlarına ötürmək istəyirəm.
– Paytaxt Bakıda bir çox heykəl və tarixi abidələrin üzərində hələ də kiril əlifbası və ya rus dilində yazılar var. Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü kimi bu məsələyə münasibətiniz necədir?
– Bu, çox həssas və incə yanaşma tələb edən bir məsələdir. Biz tarixə hörmətlə yanaşmalı, eyni zamanda bu günün və gələcəyin tələblərini nəzərə almalıyıq. Əgər bir abidə milli tariximizin ayrılmaz hissəsidirsə, o, qorunmalı və öyrədilməlidir. Lakin üzərindəki yazıların artıq aktual olmayan, sovet dönəminin izlərini daşıyan və ya milli kimliyimizlə üst-üstə düşməyən formada qalması zamanla dissonans yaradır. Biz milli dilimizi, əlifbamızı və kimliyimizi önə çıxarmalıyıq. Bu baxımdan abidələrin üzərindəki yazıların Azərbaycan əlifbası ilə, yəni müasir dövlətçiliyimizin dili ilə əvəzlənməsi həm hüquqi, həm də mədəni baxımdan doğru addım olar.
– Böyük siyasətdə və ictimai şüurun formalaşmasında mədəniyyətin, mədəni tədbirlərin rolu haqqında fikriniz necədir? Bu vasitədən ideyaların, ideologiyaların yayılması üçün istifadə olunması sizcə düzgündürmü?
– Mədəniyyət sadəcə incəsənət deyil – bu, bir millətin ruhudur. Böyük siyasət də məhz xalqın ruhundan, kimliyindən qaynaqlanmalıdır. Tarix boyu mədəniyyət ideyaların daşıyıcısı və cəmiyyətləri formalaşdıran əsas vasitə olub. Əgər siz bir xalqın şüurunu dəyişmək, onun istiqamətini müəyyənləşdirmək istəyirsinizsə, ilk növbədə onun mədəniyyətinə toxunursunuz. Bu baxımdan, milli ideyaların, ictimai dəyərlərin və dövlətçilik konsepsiyasının təbliğində mədəniyyətin rolu əvəzsizdir. Bu həm yumşaq gücdür, həm də maarifləndirici platformadır. Bizim vəzifəmiz bu gücü düzgün istiqamətə yönəltməkdir.
– Təəssüf ki, bəzi televiziya proqramlarında və sosial şəbəkələrdə etik normalardan kənar hallar müşahidə olunur. Bu, ictimai narahatlıq doğurur. Parlament bu məsələyə necə yanaşır? Yeni qanunvericilik təşəbbüsləri gündəmdədirmi?
– Bu məsələ bizi də ciddi narahat edir. Mədəniyyət yalnız muzeylərdə və teatrlarda olmur – o, gündəlik həyatın hər bir sahəsinə sirayət etməlidir, o cümlədən efirlərə və sosial mediaya. Etik dəyərlərin pozulması, qeyri-peşəkar və zövqsüz kontent cəmiyyətin informasiya mühitini zəhərləyir. Milli Məclisdə bu məsələ ilə bağlı müxtəlif təşəbbüslər hər zaman olmuşdur. Xüsusilə, rəqəmsal platformalarda yayımlanan məzmunun tənzimlənməsi, yaş kateqoriyaları üzrə filtr sistemlərinin gücləndirilməsi, yerli platformaların təşviqi və etik kodekslərin qanunvericilik səviyyəsində təsbit olunması ilə bağlı ideyalar var. Burada məqsəd senzura tətbiq etmək deyil, ictimai məsuliyyəti gücləndirməkdir.
– Azərbaycanla qonşu ölkələr, eləcə də digər dövlətlər arasında mədəni əlaqələr hansı səviyyədədir? Bu sahədə inkişaf tendensiyası müşahidə olunurmu?
– Azərbaycanın mədəni diplomatiyası bu gün beynəlxalq münasibətlər sistemində önəmli yer tutur. Bizim qonşu dövlətlərlə, o cümlədən türk dünyası, Avropa, Asiya və ərəb ölkələri ilə geniş mədəni əməkdaşlıq formatlarımız mövcuddur. Müxtəlif beynəlxalq sərgilər, konsertlər, ədəbi mübadilələr və mədəniyyət günləri həm ölkəmizin təqdimatı, həm də qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan UNESCO çərçivəsində də bir çox uğurlu layihələr həyata keçirir. Bu əlaqələr dostluq münasibətlərinin dərinləşməsində, qarşılıqlı hörmətin və etimadın formalaşmasında əvəzsiz rol oynayır.
– Ermənistanla münasibətlərin normallaşması fonunda mədəniyyət sahəsində hansısa ortaq təşəbbüslər mümkündürmü? Sülh prosesi mədəniyyət vasitəsilə dəstəklənə bilərmi?
– Mədəniyyət – sülhə aparan ən təsirli və uzunömürlü körpüdür. Siyasət gündəlik dəyişə bilər, amma mədəni əlaqələr daha dərin və dayanıqlı olur. Əgər qarşı tərəfdə də səmimi və konstruktiv yanaşma varsa, mədəniyyət sahəsində ortaq layihələr həyata keçirmək mümkündür. Ancaq bunun üçün ilk növbədə qarşılıqlı hörmət, keçmişə obyektiv münasibət və gələcəyə baxış olmalıdır. Qarşı tərəf bu meyarlara cavab verərsə, Azərbaycan tərəfi olaraq biz də əməkdaşlıq imkanlarını istisna etmirik. Sülh prosesi yalnız kağız üzərində deyil, insan ürəyində baş verəndə davamlı olur. Və burada ən təsirli dil məhz sənətin və mədəniyyətin dilidir.
Kənan Novruzov
11:26 23.07.2025
Oxunuş sayı: 6742