"Qarabağ və Şərqi Zəngəzura dövlət büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb" - DEPUTAT

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammiti çərçivəsində Azərbaycanın Xankəndi şəhərində verilən qlobal mesajlar 570 milyon əhalisi, 2.7 trilyon dollar nominal, 8.9 trilyon dollar real ÜDM-ə sahib olan dövlətləri təmsil edən qurumun mövqeyi idi.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4 faizə yaxın olub:
“2023-cü ildə isə təşkilata üzv dövlətlərinin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.
Xankəndidə İƏT-in sammitinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geosiyasi gücünü bir daha təsdiq edir. Azərbaycan İƏT-ə üzv ölkələrlə əməkdaşlığı dərinləşir və münasibətlərin daha da inkişafı ölkəmizin xarici siyasətində prioritet məsələdir”.
Deputat əlavə edib ki, zəfərdən sonra Xankəndi də daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun qurulmasına və inkişafına yalnız dövlət büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb.
12:03 08.07.2025
Oxunuş sayı: 738