Hakerlər tozsoranınızı ələ keçirə bilər
Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən ağıllı tozsoran, soyuducu, televizor və kondisionerlər internetə qoşularaq istifadəçilərə böyük rahatlıq təmin edir. Mənzildə olmadığımız halda robot tozsoranı işə salmaq, kondisioneri məsafədən idarə etmək və ya digər məişət texnikasının vəziyyətini smartfon üzərindən izləmək mühüm üstünlükdür. Lakin bu texnoloji imkanların pərdəarxasında ciddi kiberhücum riskləri dayanır. Şəbəkəyə qoşulan hər bir ağıllı cihaz potensial olaraq kiberquldurların hədəfinə çevrilə bilər.
Əsas problem ondan ibarətdir ki, insan kompüter və smartfonunun təhlükəsizliyinə xüsusi diqqət yetirsə də, məişət cihazlarını adi elektron avadanlıq kimi qəbul edir. Halbuki bu cihazlar da öz əməliyyat sisteminə, proqram təminatına və internet bağlantısına malikdir. Hakerlər proqram təminatındakı təhlükəsizlik boşluqlarından istifadə edərək cihazı uzaqdan idarə etməyə cəhd göstərə bilirlər. Xüsusilə kamerası və mikrofonu olan avadanlıqlarda bu hal şəxsi həyatın məxfiliyi baxımından ciddi risklər yaradır. Bəzi hallarda isə ələ keçirilmiş məişət texnikasından digər sistemlərə kütləvi kiberhücumlar təşkil etmək üçün istifadə olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən İKT eksperti Vüsal Məmmədzadə bildiriib ki, kibertəhlükələrdən qorunmaq üçün ilk növbədə cihazların proqram təminatı mütəmadi olaraq yenilənməlidir:

"İstehsalçılar aşkar edilən təhlükəsizlik boşluqlarını çox vaxt məhz bu yeniləmələrlə aradan qaldırırlar. İkinci vacib məsələ isə şifrələrin idarə olunmasıdır. Cihazın zavod tərəfindən təyin olunmuş standart şifrəsi varsa, o mütləq dəyişdirilməli, fərqli və güclü simvollar kombinasiyası seçilməlidir. Cihazı idarə edən tətbiqdə iki mərhələli təsdiq imkanı mövcuddursa, onu da aktivləşdirmək lazımdır. Ağıllı ev cihazları üçün ayrıca Wi-Fi şəbəkəsinin yaradılması xüsusilə tövsiyə olunur. Müasir routerlərin bir çoxunda qonaq şəbəkəsi yaratmaq imkanı var. Düzgün qurulmuş ayrıca şəbəkə sayəsində, məsələn, robot tozsoranın təhlükəsizliyi pozularsa, hakerin həmin bağlantı üzərindən şəxsi kompüterə və digər cihazlara keçməsi çətinləşir. Eyni zamanda istifadə olunmayan uzaqdan idarəetmə funksiyalarını söndürmək, cihazlara yalnız ehtiyac duyduqları icazələri vermək və routerin təhlükəsizlik parametrini yoxlamaq vacibdir.
Bununla belə, bütün məsuliyyəti yalnız istifadəçinin üzərinə qoymaq düzgün deyil, əsas cavabdehlik istehsalçı şirkətlərin üzərinə düşür. Çünki adi istifadəçi soyuducunun və ya tozsoranın proqram təminatında hansı təhlükəsizlik boşluğunun olduğunu müəyyən edə bilməz. İstehsalçılar cihazları elə hazırlamalıdırlar ki, təhlükəsizlik ilk gündən nəzərə alınsın, hər bir avadanlığın fərqli giriş məlumatları olsun, məlumat ötürülməsi şifrələnsin və proqram yeniləmələri təhlükəsiz həyata keçirilsin".
Ekspertin sözlərinə görə, istehsalçı satışdan sonra da cihazın təhlükəsizliyinə cavabdeh olmalı, aşkar edilən boşluqları vaxtında aradan qaldırmalı və cihazın neçə il təhlükəsizlik yeniləməsi alacağını əvvəlcədən açıqlamalıdır: “Həmçinin istifadəçilərin şəxsi məlumatlarının harada saxlandığı və kimlərlə paylaşıldığı şəffaf şəkildə təqdim edilməlidir”.
Zeynəb Həsən
17:30 13.10.2026
Oxunuş sayı: 62