Rusiyada şok hadisə: Putin tərəfindən vəzifədən azad edilən nazir özünə qəsd edib

Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla Nəqliyyat naziri Roman Starovoytu vəzifədən azad edib. Qısa müddət sonra isə Starovoytun Moskva vilayətinin Odintsovo bölgəsində avtomobilində odlu silahla vurulmuş halda ölü tapıldığı bildirilib.
Crossmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin araşdırmalara görə, vəzifədən azad edilən keçmiş nazirin intihar etdiyi ehtimal olunur. Rusiya İstintaq Komitəsi də Starovoytun avtomobilində odlu silah yarası ilə ölü tapıldığını təsdiqləyərək ilkin dəyərləndirmənin intihar olduğunu açıqlayıb.
Putinin qəfil verdiyi bu vəzifədən azad etmə qərarının səbəbi isə açıqlanmayıb. Reuters agentliyinin verdiyi məlumata əsasən, Roman Starovoyt ötən ilin may ayında nəqliyyat naziri təyin olunmuşdu. Ondan əvvəl isə Kursk vilayətində beş il valilik etmişdi. Onun təyinatından üç ay sonra Ukrayna qüvvələri Kursk bölgəsinə sızaraq Rusiyaya qarşı böyük bir hücum başlatmışdı.
Starovoytun sələfi Vitali Saveliev isə baş nazirin müavini vəzifəsinə təyin edilib. Keçmiş Novqorod vilayətinin qubernatoru olmuş və hazırda Nəqliyyat nazirinin müavini kimi fəaliyyət göstərən Andrey Nikitin Starovoytun yerinə yeni nazir təyin olunub.
Təyinatdan dərhal sonra Prezident Putin Kremlin sarayında Nikitinlə görüş keçirib. O, yeni nazirə müraciət edərək bildirib: “Sizə karyera pilləsində bir addım irəli getməyi və Rusiya Federasiyasının nəqliyyat naziri kimi çalışmağı təklif edirəm”. Putin, Nikitinin nazirliyin qarşısında duran çətinliklərin öhdəsindən gələcəyinə ümid etdiyini də əlavə edib.
Mədinə Cəlilova
21:10 07.07.2025
Oxunuş sayı: 906