ABŞ İnstitutu: Putin könüllü səfərbərliyi gücləndirməyə çalışır

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinə ictimai dəstəyin azalması fonunda könüllü səfərbərliyi gücləndirməyə çalışır. O, 6 iyulda Moskva şəhərində keçirilən “Qələbə üçün hər şey” forumunda çıxış edərək, Xalq Forumunun fəaliyyətini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, Putinin 2011-ci ildə təsis etdiyi və hazırda Müdafiə Nazirliyi və “Vahid Rusiya” tərəfindən dəstəklənən Xalq Forumu, Ukraynada döyüşən Rusiya hərbçilərinə yardım məqsədilə fəaliyyət göstərir. Prezident bildirib ki, təşkilat 110 min dron və 14 min avtomobil tədarük edərək ordunun imkanlarını genişləndirib.
Putin çıxışında Xalq Forumunun artıq kütləvi xalq hərəkatına çevrildiyini və “rus xalqının böyük əksəriyyətinin” döyüşdə olan hərbçiləri dəstəklədiyini deyib. O, forumun əsas məqsədinin əvvəlki nəsillərdən qalan dəyərləri müdafiə etmək olduğunu vurğulayıb.
Ekspertlər isə Kremlin könüllü səfərbərliklə bağlı çətinliklər yaşadığını bildirir: “Putin ictimai narazılığı artırmamaq üçün yenidən qismən səfərbərlik elan etməkdən çəkinir və “kripto-səfərbərlik” siyasətini davam etdirir.
Nigar Rəhimova
20:05 07.07.2025
Oxunuş sayı: 584