Mərkəzi Asiya ölkələri Avrasiya məkanında logistik rolunu gücləndirir

3–4 iyul tarixlərində Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII sammitində nəqliyyat və logistika sahəsində inteqrasiyaya xüsusi diqqət yetirilib.
Crossmedia.az bildirir ki, Mərkəzi Asiya dövlətləri infrastrukturun müasirləşdirilməsi, logistik maneələrin aradan qaldırılması və Avrasiya nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi ilə bağlı əsas təşəbbüslərini təqdim ediblər.
Türkmənistan Türkmənbaşı limanının modernləşdirilməsini və ölkənin qonşu regionlarla əlaqəsini gücləndirəcək tranzit marşrutların inkişafını təklif edib.
Qazaxıstan isə Şərqlə Qərb arasında regional nəqliyyat mərkəzi mövqeyini daha da gücləndirməkdə davam edir. Bu ölkə Transxəzər marşrutunun və “Şimal–Cənub” dəhlizinin inkişafına, eləcə də Aktau və Kurık şəhərlərində logistik terminalların tikintisinə xüsusi önəm verir.
Qırğızıstan beynəlxalq limanlara bərabər çıxış hüququnun təmin olunması və logistik proseslərin rəqəmsallaşdırılması çağırışı ilə çıxış edib. Dənizə çıxışı olmayan ölkə üçün bu, xüsusilə vacib hesab olunur.
Özbəkistan alternativ marşrutların inkişafını önə çəkərək Rəqəmsal Nəqliyyat və Gömrük Agentliyinin yaradılmasını təklif edib. Bu agentliyin əsas məqsədi tranzit şəbəkələrinin inkişafını sistemli şəkildə əlaqələndirmək olacaq.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, ötən il istifadəyə verilən bu dəmir yolu gələcəkdə Transəfqan dəhlizi ilə birləşdirilərək Avrasiya ərazisində səmərəli və əlaqəli tranzit şəbəkəsinin formalaşmasına imkan yaradacaq.
19:20 07.07.2025
Oxunuş sayı: 844