Uşaq hüquqları üzrə yeni fəaliyyət planı təqdim olunub – Bahar Muradova açıqlama verdi

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı” hazırlanarkən milli dəyərlərlə beynəlxalq öhdəliklərin uzlaşdırılması gələcək nəslin təhlükəsiz və sağlam inkişafına töhfə verəcək.
Crossmedia.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofi Kiladze ilə görüşündə deyib. O qeyd edib ki, qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanması zamanı beynəlxalq təcrübə və dəstək mühüm əhəmiyyətlidir.
O, ekspertlərin dövlət qurumları, o cümlədən Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə birgə keçiriləcək görüşlərinə diqqət çəkərək bildirib ki, uşaqların iştirakı ilə sənədin hazırlanması onların öz hüquqlarına dair fikir bildirməsi baxımından önəmlidir və prosesə daha obyektiv yanaşmanı təmin edəcək.
Görüş zamanı ekspert Sofi Kiladze uşaq məsələləri üzrə fəaliyyət planının hazırlanmasında beynəlxalq tövsiyələrin nəzərə alınmasının, eləcə də real və həyata keçirilə bilən hədəflərin müəyyən edilməsinin uğurlu nəticələrə yol açacağına inandığını bildirib. Ekspert milli-mənəvi dəyərlərin nəzərə alınmasının və ümumi məqsəd ətrafında mövqelərin uzlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafına diqqət çəkən Sofi Kiladze, bu sahədə etik və hüquqi məsələlərin, xüsusilə də fərdi məlumatların qorunmasının önəmini qeyd edib. O əlavə edib ki, süni intellekt təkcə risklər deyil, həm də təhsil sahəsində bütün uşaqlara bərabər bilik və imkanlar təqdim etmək baxımından yeni fürsətlər yaradır. O, həmçinin bu sahədə hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində uğurlu fəaliyyətdən bəhs edib.
18:35 07.07.2025
Oxunuş sayı: 789