"Müharibə dövründə Ermənistanın havadan müdafiə sistemləri yetərincə güclü idi, lakin..." - İllər sonra açıqlandı

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri arasında keçiriləcək “Tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək məqsədilə Qazaxıstan hərbi heyəti ölkəmizə təşrif buyurub. Müxtəlif dövrlərdə keçirilən bu cür intensiv və planlı təlimlər ordu quruculuğu və müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ordusu bu gün bir sıra dost və tərəfdaş ölkələrlə hərbi əməkdaşlıq çərçivəsində təlimlərdə fəal iştirak edir. Bəs görəsən, bu cür beynəlxalq hərbi əməkdaşlıq və təlimlər fonunda Azərbaycan ordusunun hazırkı gücü istənilən səviyyədədirmi?
Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair
Ramaldanov Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan Silahlı Qüvvələri mütəmadi
olaraq müxtəlif istiqamətlərdə, müxtəlif ölkələrin birgə təlimlərində iştirak
edir. Hazırda isə Azərbaycanla Qazaxıstanın Hərbi Hava Qüvvələrinin birgə təlimi
bir daha göstərir ki, Azərbaycanın ordusu yetərincə inkişaf edib. Biz Vətən
müharibəsindən danışarkən xüsusi təyinatlı qüvvələrin adını çəkirik. Ancaq Hərbi
Hava Qüvvələrimizin peşəkarlığı artıq Azərbaycandan kənarda da qəbul olunub.
Müharibə dövründə Hərbi Hava Qüvvələrinin pilotları çox böyük qəhrəmanlıq göstəriblər.
Bunun nəticəsidir ki, Azərbaycanda Hərbi Hava Qüvvələrinin səkkiz pilotu Vətən
Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdü. Pilotlarımız XXI əsrin tələblərinə
uyğun aparılan müharibənin bilavasitə iştirakçıları olublar. Nə qədər təlimlər
olsa da, döyüş təcrübəsini heç nə ilə əvəz etmək olmaz. Azərbaycan pilotları
beş il öncə Vətən müharibəsində döyüş təcrübəsi qazandılar. Müharibə dövründə
Ermənistanın havadan müdafiə sistemləri yetərincə güclü idi. Lakin, Azərbaycanın Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə sistemlərini
darmadağın etmişdi. Ona görə də Azərbaycan pilotları həmişə böyük maraqla
qarşılanırlar. Döyüş təcrübəsi olmuş pilotlarla bir yerdə təlim keçmək, təlim
iştirakçılarına böyük imkanlar yaradır. Bilirik ki, Qazaxıstan heç bir döyüşdə
iştirak etməyib, lakin bu təlimdə bu heyətin tərkibində müharibədə iştirak
etmiş pilotlarla birgə olacaqlar. Ümumiyyətlə, Azərbaycan Ordusunun heyəti
daim təlimlərdədir, daim döyüş bacarıqlarının təkmilləşdirilməsi ilə məşğuldurla. Bugünkü geosiyasi proseslərə Prezident İlham Əliyevin
"güclü ölkə – güclü ordu" prinsipi ilə yanaşaraq Azərbaycan Silahlı
Qüvvələri daim diqqətdə saxlanılır”.
Ayhan
15:56 07.07.2025
Oxunuş sayı: 999