Ərdoğandan gərginliklə bağlı mühüm mesaj: Bundan sona Azərbaycan- Rusiya münasibətləri necə inkişaf edəcək?

Son günlərdə Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik regionda cərəyan edən geosiyasi proseslər fonunda daha da diqqət çəkici hal alıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir" bəyanatı isə tərəflər arasında yaranmış soyuqluğun diplomatik yolla həll ediləcəyinə dair ümidləri artırır. Bəs, bu problemin konkret təbiəti nədir və onun həlli istiqamətində hansı addımlar atılmalıdır? Rusiya, yaranmış gərginliyə görə geri addım atıb üzr istəyəcəkmi, yoxsa münasibətlərin yumşalması qarşılıqlı güzəştlər əsasında baş verəcək? Bu suallar, regional sabitlik və strateji tərəfdaşlıq baxımından olduqca əhəmiyyətlidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Günay Ağamalı Crossmedia.az-a açıqlama verib: “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir” fikri bu gün regionda sülhün və sabitliyin qorunması baxımından çox mühüm mesajdır. Bu, həm də diplomatik təmkinin və qarşılıqlı etimadın mühüm göstəricisidir. Azərbaycan həmişə olduğu kimi bu gün də ədalətin, beynəlxalq hüququn və qarşılıqlı hörmətin tərəfindədir. Baş verən son hadisələr, xüsusilə də Yekaterinburqda soydaşlarımıza qarşı törədilmiş qəbuledilməz zorakılıq aktı xalqımızda və dövlətimizdə haqlı narahatlıq doğurur. Bu məsələ ilə bağlı Azərbaycan cəmiyyətinin gözləntisi aydındır — baş verənlər obyektiv araşdırılmalı, məsuliyyət daşıyanlar cəzalandırılmalı, və ən əsası, dostluq münasibətlərinə xələl gətirən bu kimi hallara bir daha yol verilməməlidir”.
Deputat həmçinin bildirib ki, Azərbaycan-Rusiya münasibətləri çoxşaxəli və tarixi əsaslara malikdir: "İnanırıq ki, yaranmış gərginlik məntiqli və ədalətli yanaşma ilə aradan qaldırılacaq. Eyni zamanda, diplomatik kanallar və qarşılıqlı dialoq vasitəsilə bu məsələyə aydınlıq gətirilməsi, münasibətlərin sağlam zəmində davam etməsi üçün mühüm addımlar atılmalıdır. Artıq Kremldən sözügedən istiqamət üzrə müəyyən xəbərlər gəlməkdədir və bu da cənab Prezident İlham Əliyevin prinsipial mövqeyinin yaratdığı reallıqların təzahürüdür. Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq öz vətəndaşlarının hüquqlarının və ləyaqətinin qorunmasını təmin etməyə qadir və iradəlidir. Bu məsələdə dövlətimizin qəti mövqeyi dəyişməzdir”.
Ayhan
14:57 07.07.2025
Oxunuş sayı: 13304