İsrail və Suriya təmasdadır: Razılaşma yaxınlaşırmı?

İsrail mətbuatının məlumatına görə, İsrail ilə Suriya arasında azı dörd fərqli kanal vasitəsilə təmaslar davam edir. Hər iki tərəfin qarşılıqlı diplomatik və təhlükəsizlik sahəsində əlaqələri yenidən qurmağa çalışdığı bildirilir. Lakin ehtimal olunan razılaşmanın yaxın gələcəkdə deyil, uzunmüddətli bir proseslə mümkün olacağı vurğulanır.
Crossmedia.az xəbər verir ki, Walla xəbər saytının məlumatına görə, bu təmaslar rəsmi normallaşma olmasa da, sərhəd təhlükəsizliyinin yenidən tənzimlənməsi və diplomatik dialoqa zəmin yaratmaq məqsədi daşıyır. İsrailli bir rəsmi bildirib ki, ABŞ bu münasibətlərin mərhələli şəkildə qurulmasını dəstəkləyir, İsrail isə nəticədə tam normallaşma və sülh sazişinə aparacaq prosesin real olub-olmadığını əvvəlcədən bilmək istəyir.
İddialara görə, İsrail Baş naziri Benyamin Netanyahu iyunun əvvəlində ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack vasitəsilə Vaşinqtona mesaj göndərərək, Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə yeni bir təhlükəsizlik razılaşması müzakirə etmək istədiyini bildirib. Bu prosesin 1974-cü ildə imzalanmış İsrail-Suriya Qoşunların Çəkilməsi Sazişinin yenilənməsi ilə başlayıb sonda tam sülh razılaşması ilə nəticələnməsi hədəflənir.
İsrail 1967-ci ildən bəri Suriyaya məxsus Golan Təpələrinin böyük hissəsini işğal altında saxlayır. 2024-cü ilin sonlarında BƏƏS rejiminin devrilməsindən sonra İsrail bu bölgədə bəzi tampon zonaları işğal etdiyini və 1974-cü il sazişinin artıq qüvvədə olmadığını elan edib. Bu ərazilər arasında Dəməşqdən cəmi 35 kilometr məsafədə yerləşən strateji Hermon dağı da var. Walla yazır ki, İsrail bu əraziləri danışıqlarda əhəmiyyətli kart olaraq istifadə edir və yalnız tam normallaşma halında geri çəkilməyi düşünür.
Təmaslar hazırda İsrailin Milli Təhlükəsizlik müşaviri Tsaxi Hanegbi, Mossad rəhbəri David Barnea, Xarici İşlər naziri Gideon Saar və ordu vasitəsilə diplomatik və hərbi kanallar üzərindən həyata keçirilir.
Xarici İşlər naziri Saar son açıqlamasında Suriya ilə razılaşmaya açıq olduqlarını, lakin Golan Təpələrinin gələcəkdə də İsrailin ayrılmaz hissəsi olacağını bildirib.
Jerusalem Post isə yazır ki, təhlükəsizlik danışıqları tam razılaşmadan daha çox “soyuq sülh” ehtimalını gündəmə gətirir. Məlumata görə, Suriya tərəfi İsrailin Suriyadakı hədəflərə hücumlarını razılaşma çərçivəsində qəbul etməyəcəyini açıq şəkildə bəyan edib, İsrail isə təhlükəsizlik təminatlarında israrlıdır.
Qəzet qeyd edir ki, hər hansı razılaşma olsa belə, ilkin mərhələdə bu, sülh müqaviləsindən çox, mülki təhlükələrə qarşı ortaq təhlükəsizlik mexanizmi olacaq.
2024-cü ilin sonlarında Əsəd rejiminin devrilməsindən sonra İsrailin Suriyaya hava hücumlarının sayı artıb. Bu hücumlarda mülki itkilər yaşanır, hərbi obyektlər və sursat anbarları hədəfə alınır. Xüsusilə Kuneytra və Rif Dəməşq bölgələri intensiv bombardmana məruz qalır.
Mədinə Cəlilova
21:10 01.07.2025
Oxunuş sayı: 764