Silahlı Qüvvələrimizin arsenalı və peşəkar heyəti istənilən təhdidi zərərsizləşdirməyə qadirdir - Hərbi ekspert
Orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirib.
Bu barədə müdafiə naziri Zakir Həsənov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki zamanı deyib.
O bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olunub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi eskpert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusu müasir silahlarla və peşəkar heyətlə regionda sabitliyi təmin edən güclü qüvvədir:
“Azərbaycan Ordusu kifayət qədər geniş say tərkibinə malik olan hərbi strukturumuzdur və cəmiyyətin bir parçası olaraq da bu hərbi strukturlarda zaman-zaman islahatlar keçirilir, geniş kütlələri əhatə edir. Burada həm kadr heyətinin hazırlanması, həm nizamnamələrin yeni ordu modelinə uyğunlaşdırılması, həm də NATO ilə əməkdaşlıq çərçivəsində struktur və bölmələrin formalaşdırılması məsələləri kifayət qədər aktual mövzulardır və onların hər biri zamanın tələblərinə uyğun təkmilləşdirilir”.
Hərbi eskpert orduda aparılan islahatları belə şərh edib:
“Zabitlərin rotasiya məsələsində müsbət addımlar atılıb, Türkiyə ordu modelinə və NATO standartlarına keçid istiqamətində proseslər davam edir. Hərbi xidmətə yeni çağırılan hərbi qulluqçuların qoşun növlərinə və hərbi hissələrə bölünməsi istiqamətində komputerləşmə kimi bir çox müsbət addımlar atılıb. Təbii ki, ordumuzun silah, texnika, vasitə və avadanlıqlarla təchizatında Azərbaycan Ordusunun tələbatına uyğun olan ən müasir silah sistemlərinin, texnika, vasitə və avadanlıqların əldə edilməsindən ibarətdir. Ən vacib olan məqam məhz budur. Silahların əksəriyyəti daha əvvəl əldə olunan silah sistemləri ilə inteqrasiya edilərək, təhlükəsizlik məsələlərində daha üstün bir səviyyəni əldə etməyə imkan verir”.
Ə.Verdiyev Prezident İlham Əliyevin ordu istiqamətindəki prioritetlərini və Azərbaycan Ordusunun daim hər bir təhlükəyə cavab verməyə hazır olduğunu da vurğulayıb:
“Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev üçün müdafiə və təhlükəsizlik məsələləri daim prioritet olub. Bu, bugün də belədir və yəqin ki, gələcəkdə də belə olacaq. Bu, o deməkdir ki, Azərbaycan regionun lider dövləti statusundan artıq orta güc dövləti statusuna keçib. Bununla bərabər Azərbaycan müharibəyə və münaqişəyə hazırlaşmır. Müharibə səhifəsi Azərbaycan üçün bağlanıb.
Lakin Silahlı Qüvvələrimizin arsenalı onun daim döyüşə hazır olan
şəxsi heyəti istənilən təhdid və təhlükəni anında zərərsizləşdirmək imkanlarına malikdir.
Odur ki, Azərbaycanla kimsə əməkdaşlıq ritorikasından kənar müzakirə və ya müdaxilə məsələlərinə yol verməməlidir.
Azərbaycana qarşı istənilən təhlükə və təhdid anında aradan qaldırılacaq”.
Günel Verdiyeva
11:32 10.11.2025
Oxunuş sayı: 4643