“Yeni Müsavat”ın 36 ili
Bu gün, Azərbaycan mətbuat tarixində özünəməxsus yeri olan "Yeni Müsavat" qəzetinin doğum günüdür. Bu gün azad sözün, müstəqil fikrin, cəsarətli qələmin doğum günüdür.
1989-cu ilin məhz bu günündə, xalq hərəkatının alovlandığı, azadlıq çağırışlarının meydanları bürüdüyü bir zamanda “Yeni Müsavat” ilk sayını Azadlıq meydanında yaydı. O, sovet senzurasının divarlarını aşaraq azad sözün səsini kütləyə çatdıran ilk tribunaya çevrildi.
Qəzet, Azərbaycan Milli Demokrat Partiyası “Yeni Müsavat”ın (AMDP) qeyri-formal mətbu orqanı kimi, təşkilatın qurucu katiblərindən biri – Rauf Arifoğlunun rəhbərliyi ilə yarandı. O dövr üçün bu, sadəcə bir nəşr təşəbbüsü deyildi. Bu, cəsarətin, vətəndaşlıq mövqeyinin, azadlıq naminə riskin simvolu idi. Çünki 1989-cu ildə hələ sovet senzurası hökm sürür, azad fikrə qarşı divarlar hələ qalxmışdı.
“Yeni Müsavat” həmin divarları sındırdı. O, meydan tribunalarından gələn azadlıq səsini kağıza köçürdü, xalqın arzusunu sənədləşdirdi. Bu qəzetin doğuluşu təkcə bir mətbuat hadisəsi yox, azad düşüncənin redaksiyalara köçməsi, milli jurnalistikanın doğuluşu idi.
Son 36 ildə “Yeni Müsavat” təkcə qəzet kimi deyil, bir məktəb, bir ideya, bir brend kimi formalaşdı. Bu məktəbdən onlarla tanınmış jurnalist, redaktor, ictimai xadim yetişdi. “Yeni Müsavat” bu gün də öz tarixi missiyasını davam etdirir – həm qəzet, həm sayt, həm TV və həm də analitik platforma olaraq, azad düşüncənin tribunası kimi fəaliyyət göstərir.
“Yeni Müsavat” meydandan doğuldu, senzuranı sındırdı, azad sözün tarixini yazdı.
Bu gün biz yalnız bir qəzetin 36 illiyini deyil, bütöv bir milli düşüncə tarixinin davamlılığını qeyd edirik.
36 yaşın mübarək, “Yeni Müsavat”!
Sənin yaşın – Azərbaycanın azad söz tarixinin yaşıdır.
10:23 10.11.2025
Oxunuş sayı: 1974